Putin və Tramp arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında təxminən 1 saat 25 dəqiqəlik telefon danışığı olub. Tərəflər Ukrayna münaqişəsi, mümkün siyasi-diplomatik nizamlanma və ABŞ-Rusiya münasibətlərini müzakirə ediblər.

7

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

MSNews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. “Reuters” agentliyinin məlumatına görə, söhbət təxminən 90 dəqiqə davam edib və əsas mövzulardan biri Ukrayna münaqişəsinin nizamlanması olub.

Uşakovun sözlərinə görə, Putin Trampı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib. “Interfax” yazır ki, Kreml rəsmisi danışığın 1 saat 25 dəqiqə sürdüyünü, söhbətin “işgüzar və konstruktiv” xarakter daşıdığını bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, Putin ABŞ prezidentinə Ukraynadakı döyüş meydanında vəziyyət barədə məlumat verib. Rusiya tərəfi xüsusilə Donetsk vilayətində Konstantinovka istiqamətində irəliləyişdən danışıb. Bununla belə, Moskvanın Konstantinovka ilə bağlı iddiaları Kiyev tərəfindən rədd edilir.

Uşakov bildirib ki, Putin Rusiyanın siyasi-diplomatik nizamlanmaya hazır olduğunu bir daha təsdiqləyib. Bununla yanaşı, Rusiya lideri mümkün razılaşma prosesində Moskvanın “prinsipial yanaşmalarının” nəzərə alınmasının vacibliyini vurğulayıb.

ABŞ tərəfinin vasitəçilik səylərinin Stiv Uitkoff və Cared Kuşner xətti ilə davam etdiriləcəyi bildirilir. Kreml nümayəndəsinin sözlərinə görə, Trampın nümayəndələri münaqişənin nizamlanması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

Uşakovun açıqlamasına əsasən, Tramp söhbət zamanı Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya və ABŞ arasında əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu qeyd edib. ABŞ prezidenti həmçinin iqtisadi sahədə potensialın reallaşdırılması üçün münaqişənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb.

Danışıq zamanı Putin ABŞ dövlətçiliyinin formalaşması tarixində Rusiyanın rolunu və İkinci Dünya müharibəsi dövründə iki ölkənin müttəfiqliyini də xatırladıb. Tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəldiyi bildirilir.