Kolumbiya Azərbaycandakı səfirliyini bağlamağı planlaşdırır

Kolumbiyanın seçilmiş prezidenti Abelardo de la Espriella Azərbaycandakı səfirlik də daxil olmaqla 14 diplomatik nümayəndəliyin bağlanacağını açıqlayıb. Bu qərar Azərbaycanla diplomatik münasibətlərin kəsilməsi demək deyil.

9

Kolumbiyanın seçilmiş prezidenti Abelardo de la Espriella ölkəsinin Azərbaycandakı səfirliyi də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 14 diplomatik nümayəndəliyi bağlamağı planlaşdırdığını açıqlayıb.

MSNews.az xəbər verir ki, de la Espriella qərarın avqustun 7-də vəzifəsinin icrasına başladıqdan sonra diplomatik şəbəkənin yenidən təşkili çərçivəsində həyata keçiriləcəyini bildirib. Kolumbiyanın Azərbaycandan başqa Əlcəzair, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərinin bağlanması nəzərdə tutulur. Bu barədə “EFE”⁠ məlumat yayıb. 

Seçilmiş prezidentin sözlərinə görə, bu, diplomatik şəbəkənin yenidən qurulmasının yalnız ilk mərhələsidir. Yeni administrasiya, həmçinin 15-ə yaxın konsulluğu bağlamağı və hakimiyyətə gəldikdən sonra ilk 100 gün ərzində digər xarici nümayəndəliklərin fəaliyyətini texniki auditdən keçirməyi planlaşdırır. 

De la Espriella vurğulayıb ki, səfirliklərin bağlanması həmin ölkələrlə diplomatik münasibətlərin avtomatik kəsilməsi demək deyil. Kolumbiya Kuba və Nikaraqua istisna olmaqla, siyahıdakı digər dövlətlərlə, o cümlədən Azərbaycanla diplomatik əlaqələrini davam etdirəcək. Bağlanan nümayəndəliklərin yerləşdiyi ölkələrdəki konsulluq və diplomatik xidmətlərin regiondakı digər səfirliklər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. 

“El Espectador”⁠ yazır ki, de la Espriella diplomatik strukturun həddindən artıq bahalı olduğunu və ölkə üçün kifayət qədər nəticə vermədiyini iddia edib. O, dəyişikliklərin dövlət büdcəsinə qənaət etməyə və vəsaitləri təhlükəsizlik, səhiyyə, təhsil və infrastruktur kimi sahələrə yönəltməyə imkan verəcəyini bildirib. 

Yeni administrasiya, həmçinin Fələstində Kolumbiya səfirliyinin açılması prosesini dayandırmağı planlaşdırır. Bu təşəbbüs hazırkı prezident Qustavo Petro hökuməti tərəfindən irəli sürülmüşdü. De la Espriellanın daha əvvəl İsraillə münasibətləri gücləndirmək və Kolumbiyanın diplomatik nümayəndəliyini Qüdsdə açmaq niyyətini açıqladığı bildirilir. 

Plan çərçivəsində bəzi diplomatik nümayəndəliklərin funksiyaları da birləşdiriləcək. Kolumbiyanın Fransadakı səfiri eyni zamanda UNESCO yanında, İtaliyadakı səfiri isə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı — FAO yanında ölkəni təmsil edəcək. Hazırda bu vəzifələr ayrıca diplomatik missiyalar vasitəsilə həyata keçirilir. 

“Reuters”⁠ bildirir ki, sağçı siyasətçi Abelardo de la Espriella iyunun 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlib. O, avqustun 7-də and içdikdən sonra qərarların icrasına başlaya biləcək. Buna görə səfirliklərin bağlanması hazırda qüvvəyə minmiş qərar deyil, gələcək hökumətin elan etdiyi plandır.