İlham Əliyev Xocalıda “Accurate Az” MMC-nin mebel istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebeli və mebel aksesuarları istehsalı müəssisəsinin açılışında iştirak edib. Layihə yerli istehsalın inkişafına, ixracın artırılmasına və işğaldan azad olunmuş ərazilərdə məşğulluğun yüksəlməsinə töhfə verəcək.

61

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və müəssisənin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60%-i ixraca, 40%-i daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər istehsalın bütün mərhələləri müəssisədə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir. Bunun reallaşdırılması üçün Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

Müəssisənin fəaliyyəti Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsinə, ixrac potensialının artırılmasına və işğaldan azad olunmuş ərazilərdə məşğulluğun yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 yeni iş yerinin açılması planlaşdırılır.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biridir. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Eyni zamanda, rezidentlər tərəfindən idxal olunan texnika, avadanlıq, xammal və materiallar 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafına, həmçinin məşğulluğun artırılmasına xidmət edir.