Kanadada iri “ağ hidrogen” mənbəyi aşkarlanıb

Kanadada alimlər təbii “ağ hidrogen” mənbəyini təsdiqləyiblər. Ontario yaxınlığındakı mədəndə hidrogen axınının ildə 400-dən çox evi enerji ilə təmin edə biləcəyi bildirilir.

Kanadada alimlər yer qabığında təbii şəkildə yaranan “ağ hidrogen”in böyük və uzunmüddətli mənbəyini sənədləşdiriblər. Toronto Universitetinin rəhbərlik etdiyi araşdırmaya görə, Ontario əyalətində Timmins şəhəri yaxınlığındakı fəaliyyətdə olan mədəndə aparılan ölçmələr Kanada qalxanının milyard illik süxurlarından hidrogen qazının davamlı şəkildə ayrıldığını göstərib. Tədqiqat Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Araşdırmada bildirilir ki, mədəndəki ayrı-ayrı quyular ildə orta hesabla təxminən 0,008 ton, yəni 8 kiloqram hidrogen buraxır və bu axın 10 il və ya daha uzun müddət davam edə bilir. Tədqiqatçılar bu göstəricini ərazidəki təxminən 15 min quyuya tətbiq etdikdə illik ümumi hidrogen çıxışının 140 tondan çox ola biləcəyini hesablayıblar. Bu isə bir məkandan ildə təxminən 4,7 milyon kilovat-saat enerji ekvivalentinə bərabərdir və 400-dən çox evin illik enerji tələbatını qarşılaya bilər.

“Ağ hidrogen” təbii hidrogenə verilən addır və o, yerin dərinliklərində süxurlar ilə yeraltı sular arasında gedən kimyəvi reaksiyalar nəticəsində yaranır. Hidrogen yanacaq kimi istifadə ediləndə karbon qazı buraxmır, əsas yan məhsul isə sudur. Bu səbəbdən o, təmiz enerji keçidi üçün perspektivli mənbələrdən biri hesab olunur. “Smithsonian Magazine” yazır ki, hazırda sənayedə istifadə olunan hidrogenin böyük hissəsi hələ də fosil yanacaqlardan alınır və bu proses ciddi karbon emissiyası yaradır.

Toronto Universitetinin professoru Barbara Şervud Lollar bildirib ki, araşdırma “ayaqlarımızın altındakı süxurlardan” aşağı xərcli yerli enerji mənbəyinə çıxış üçün istifadə olunmamış imkanların mövcud olduğunu göstərir. Onun sözlərinə görə, bu, Kanadanın regional sənaye mərkəzləri və uzaq icmaları üçün idxal olunan karbohidrogen yanacaqlarından asılılığı azaltmağa kömək edə bilər.

Alimlər hesab edirlər ki, Kanadanın bir çox nikel, mis, almaz və digər faydalı qazıntı yataqları eyni tip qədim süxur sistemlərində yerləşdiyi üçün təbii hidrogen axtarışları da həmin mədən infrastrukturu ilə paralel aparıla bilər. Bu isə hidrogenin daşınması, saxlanılması və ayrıca bahalı infrastruktur qurulması ehtiyacını azalda bilər.

Bununla belə, ekspertlər “ağ hidrogen”in qlobal enerji bazarında real paya çevrilməsi üçün hasilatın iqtisadi səmərəliliyi, miqyaslandırma, təhlükəsizlik və uzunmüddətli ehtiyat həcmi kimi sualların hələ cavablandırılmalı olduğunu bildirirlər. “Clean Energy Wire” daha əvvəl yazırdı ki, təbii hidrogen yataqları ilə bağlı maraq artsa da, onun sənaye səviyyəsində nə dərəcədə rentabelli hasil edilə biləcəyi hələ tam aydın deyil.

Hazırda dünyada təbii hidrogen axtarışlarına maraq sürətlə artır. “Rystad Energy”-nin məlumatına görə, 2020-ci ildə bu sahədə çalışan şirkətlərin sayı təxminən 10 idisə, 2023-cü ilin sonuna bu rəqəm 40-a çatıb. Axtarışlar Avstraliya, ABŞ, İspaniya, Fransa, Albaniya, Kolumbiya, Cənubi Koreya və Kanadada aparılır.