İlham Əliyev Davosda “BlackRock” və GIP rəhbərliyi ilə strateji investisiyaları müzakirə edib

Prezident İlham Əliyev Davosda “BlackRock”un CEO-su Larri Fink və “Global Infrastructure Partners”in rəhbəri ilə görüşərək Dövlət Neft Fondu ilə 1,5 milyard dollara qədər investisiya imkanlarını müzakirə edib.

32

Yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Davos səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, sənəd mövcud tərəfdaşlığın uzunmüddətli və strateji çərçivədə davam etdirilməsini, beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.

Niyyət protokoluna əsasən, ARDNF-in “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya layihələrinə 3–4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və müvafiq infrastruktur üzrə investisiya perspektivlərinin qiymətləndirilməsi, eləcə də hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlıq imkanlarının araşdırılması diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolunun Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Görüşün sonunda Prezident İlham Əliyevin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi keçirilib.