İran Omanın Hörmüz boğazı planını rədd etdi

İran Hörmüz boğazındakı gəmiçilik marşrutlarının Omanla bərabər idarə olunmasını nəzərdə tutan planı rədd edərək daha geniş nəzarət tələb edib.

9

İran Hörmüz boğazındakı gəmiçilik marşrutlarının Omanla bərabər şəkildə idarə olunmasını nəzərdə tutan təklifi rədd edib və strateji su yolunda daha geniş nəzarət tələb edib.

MSNews.az xəbər verir ki, “The Times of Israel” Omanın müvəqqəti planının boğazdakı tranzit marşrutlarının İran və Oman arasında bərabər bölüşdürülməsini nəzərdə tutduğunu bildirib. Təklifə əsasən, gəmiçilik marşrutunun yarısı İran, digər yarısı isə Oman ərazi sularından keçməli idi.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi dövlət televiziyasına açıqlamasında planın Tehranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmadığını deyib. Onun sözlərinə görə, İran boğaza daxil olan gəmilərin istifadə etdiyi marşrut üzərində tam, əks istiqamətdə hərəkət edən gəmilərin marşrutunun isə bir hissəsi üzərində nəzarət istəyir.

Qəribabadi bildirib ki, Oman İranın əks təklifini qəbul etməsə, Tehran Hörmüz boğazının açılmasına razılıq verməyəcək. İran həmçinin əvvəllər tətbiq edilən və əsasən Oman ərazi sularından keçən beynəlxalq gəmiçilik sxemini artıq tanımadığını açıqlayıb.

“Reuters” yazır ki, İran və Oman boğazı yalnız öz nəzarət etdikləri ərazilər əsasında idarə etməli, digər dövlətlər isə prosesdə iştirak etməməlidir. İran rəsmisi ABŞ və Səudiyyə Ərəbistanını Maskata qəbuledilməz təklifləri qəbul etdirmək üçün təzyiq göstərməkdə ittiham edib.

Omanın Körfəz ölkələri tərəfindən dəstəklənən planına boğazdan istifadə edən gəmilərdən könüllü ödənişlərin toplanması da daxil idi. Vəsaitin naviqasiya təhlükəsizliyi, ətraf mühitin qorunması, axtarış-xilasetmə əməliyyatları və digər xidmətlərə yönəldilməsi təklif olunurdu. Model Malakka boğazında İndoneziya, Malayziya və Sinqapurun tətbiq etdiyi könüllü ödəniş sisteminə əsaslanırdı.

ABŞ isə Hörmüz boğazının beynəlxalq su yolu olduğunu bildirərək gəmilərdən məcburi rüsum və ya tranzit haqqının alınmasına qarşı çıxır. Vaşinqton müharibədən əvvəlki qaydaların bərpa edilməsini və gəmilərin heç bir ödəniş etmədən sərbəst keçməsini tələb edir.

“The Wall Street Journal” bildirir ki, İranın Omanın təklifini rədd etməsi ABŞ ilə danışıqların sürətlə bərpası və müharibənin dayandırılması səylərinə zərbə vurub. Vasitəçilər Tehranın daha geniş nəzarət tələbinin mümkün razılaşmanın qarşısındakı əsas maneələrdən birinə çevrildiyini qeyd ediblər.

Burada söhbət İran və Oman arasındakı dövlət sərhədinin yenidən müəyyənləşdirilməsindən deyil, ticarət gəmilərinin istifadə edəcəyi marşrutların və həmin marşrutlar üzərindəki nəzarətin bölüşdürülməsindən gedir. Hörmüz boğazının suları həm İranın, həm də Omanın ərazi sularından keçsə də, boğaz beynəlxalq gəmiçilik üçün həyati əhəmiyyət daşıyan su yolu hesab olunur. Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri bu marşrutdan keçirdi.

Avqustun 2-də İran tərəfi Hörmüz boğazının Omanla bölüşdürülməsi barədə yekun razılaşmanın əldə olunduğuna dair yayılan məlumatları da təkzib edib. İranın danışıqlar heyətindəki mənbəyə görə, boğaz SEPAH ilə koordinasiya etməyən gəmilər üçün bağlı qalır. Bu açıqlama tərəflər arasında hələ yekun razılaşmanın olmadığını göstərir.