ABŞ Dövlət Departamenti rus dilində paylaşımlar edilən sosial media hesabında ABŞ Prezidenti Donald Tramp ilə bağlı diqqətçəkən mesaj yayımlayıb.
Paylaşımda Prezident Tramp və ABŞ-ın dövlət katibi Marko Rubionun Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılması ilə nəticələnən hərbi müdaxiləni izlədikləri anı əks etdirən fotoşəkilə yer verilib.

Görüntüdə “Tramp ilə oyun oynama” ifadəsi yazılıb. Paylaşım mətnində isə “Prezident Tramp iş görən bir liderdir. Bunu bilmirdiniz? İndi bilirsiniz” sözləri qeyd olunub. Sözügedən paylaşım beynəlxalq aləmdə geniş rezonans doğurub və Vaşinqtonun Moskva da daxil olmaqla müxtəlif paytaxtlara ünvanladığı açıq mesaj kimi qiymətləndirilib.
ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi yanvarın 3-də paytaxt Karakasda yerli vaxtla gecə saat 02:00 radələrində eşidilən partlayış və hərbi təyyarə səslərindən sonra gündəmə gəlib. Venesuela hakimiyyəti hadisələrdən sonra ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.
ABŞ Prezidenti Donald Tramp isə Maduroya qarşı genişmiqyaslı əməliyyat keçirildiyini və Venesuela lideri ilə həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb. ABŞ-ın ədliyyə naziri Pem Bondi də Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da rəsmi ittihamların irəli sürüldüyünü, Maduroya “narkoterrorizm, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” kimi ağır suçlamaların yönəldildiyini bildirib.
Venesuela rəhbərliyi ABŞ-ın hərbi müdaxiləsinin beynəlxalq səviyyədə pislənməsi üçün dünya ictimaiyyətinə çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə Vaşinqtona dəstək verdiklərini nümayiş etdiriblər.