“Dünyanı masonlar idarə edir” ifadəsi adətən konspiroloji nəzəriyyələrlə yanaşı çəkilir. Fransanın ən böyük mason təşkilatlarından biri olan Fransanın Böyük Şərqinin (Grand Orient de France) fəaliyyəti isə göstərir ki, masonların ictimai və siyasi proseslərə təsir göstərmək istəyi heç də həmişə gizli aparılan fəaliyyət deyil.
Fransanın Böyük Şərqi özünün rəsmi məlumatına görə Avropanın ən qədim və ən böyük mason obediyensiyasıdır. Təşkilatın hazırda təxminən 55 983 üzvü və 1430-a yaxın lojası fəaliyyət göstərir. Fransanın Böyük Şərqi öz missiyasını insanlığın “maddi və mənəvi inkişafına, intellektual və sosial təkmilləşməsinə” töhfə vermək kimi təqdim edir.
Bu baxımdan təşkilat özünü yalnız qapalı fəlsəfi klub kimi aparmır. O, dünyəvilik, təhsil, bioetika, süni intellekt, demokratiya, vətəndaş azadlıqları və digər ictimai məsələlərlə bağlı mövqelər hazırlayır və onları açıq şəkildə ictimai müzakirəyə çıxarır.
Masonlar parlamentə dəvət olunur
Mason təşkilatlarının Fransa parlamenti ilə əlaqəsi də gizli fakt deyil.
Məsələn, Fransa Milli Assambleyasının 2023-cü ildə həyatın son mərhələsi və evtanaziya məsələləri ilə bağlı keçirdiyi dinləmələrə Fransanın Böyük Şərqi, Fransa Milli Böyük Lojası, Fransa Qadınlar Böyük Lojası və “Le Droit Humain” nümayəndələri rəsmi şəkildə dəvət olunublar.
Bənzər hal daha əvvəl də olub. 2003-cü ildə parlamentin həyatın son mərhələsi məsələsini araşdıran missiyası Fransanın Böyük Şərqinin nümayəndəsini dinləyib. 2009-cu ildə isə hicab və niqab məsələsinə dair parlament araşdırmasında bir neçə mason obediyensiyasının nümayəndələri rəsmi dinləmədə iştirak edib.
Yəni masonların müəyyən qanunvericilik və ictimai məsələlər barədə parlamentarilərə öz mövqelərini çatdırması real və sənədləşdirilmiş praktikadır.
Evtanaziya, abort və eynicinsli nikahlar
Fransanın Böyük Şərqi xüsusilə sosial və bioetik məsələlərdə aktiv mövqeyi ilə seçilir.
Təşkilat 2026-cı ilin iyununda Fransada ölməyə yardım hüququnun qanuniləşdirilməsini açıq şəkildə müdafiə edib və parlamentariləri qanunun qəbuluna çağırıb. Fransanın Böyük Şərqi bunu fərdi azadlıq, insan ləyaqəti və dünyəvilik məsələsi hesab etdiyini bildirib.
Abort məsələsində də təşkilatın mövqeyi uzun illərdir açıqdır. Hələ 1974-cü ildə Fransa parlamentində gedən abort müzakirələri zamanı təşkilat hökumət və parlamentə qadınların seçim hüququnun tanınması çağırışı etmişdi.
2024-cü ildə abort hüququ Fransa Konstitusiyasında təsbit edildikdən sonra Fransanın Böyük Şərqi bu qərarı qadın hüquqları tarixində mühüm hadisə kimi alqışlayıb.
Təşkilat 2012-2013-cü illərdə Fransada eynicinsli nikahların qanuniləşdirilməsini nəzərdə tutan “mariage pour tous” layihəsini də açıq şəkildə dəstəkləyib, üzvlərinin qanunun lehinə keçirilən nümayişlərdə iştirakını sərbəst buraxıb.
Lakin burada mühüm fərq var: bu qanunların “masonlar tərəfindən yaradıldığını” və ya sırf onların təsiri nəticəsində qəbul edildiyini demək üçün əsas yoxdur. Fransanın Böyük Şərqi həmin məsələləri fəal şəkildə müdafiə edən çoxsaylı siyasi və ictimai qüvvələrdən biri olub.
Bəs siyasətdə masonlar nə qədər güclüdür?
Fransız masonluğunun siyasətlə tarixi əlaqələri geniş şəkildə sənədləşdirilib. Xüsusilə III Respublika dövründə Fransanın Böyük Şərqi respublikaçı və dünyəvi siyasətin formalaşmasında nəzərəçarpacaq rol oynayıb, onun lojaları bəzi sosial və qanunvericilik ideyalarının müzakirə edildiyi platformalara çevrilib.
Müasir dövrdə də parlamentarilər və digər yüksək vəzifəli şəxslər arasında masonların olması qeyri-adi hal deyil. Lakin üzvlük çox vaxt şəxsi məlumat olaraq qalır və hazırda Fransa parlamentinin neçə faizinin mason olduğunu göstərən etibarlı rəsmi statistika yoxdur.
Buna görə də “mason olan şəxsin deputat və ya senator olmaq ehtimalı adi insandan dəfələrlə yüksəkdir” iddiasını təsdiqlənmiş fakt kimi təqdim etmək bəlkə də düzgün deyil.
Keçmiş təşkilat rəhbərlərindən Jan-Mişel Külyarde də masonluğun siyasi təsir göstərdiyini etiraf etsə də, bunun “siyasi karyeraları yaradan” mexanizm olmadığını, əsas təsirin ideyalar və parlamentarilərlə müzakirələr vasitəsilə həyata keçirildiyini bildirmişdi.
Yeni Böyük Ustad Zəfər tağında
Fransanın Böyük Şərqi 28 avqust 2026-cı ildə Gilyom Trişarı yenidən Böyük Ustad və Orden Şurasının prezidenti seçib. Trişar daha əvvəl 2023-2024-cü illərdə də bu vəzifəni tutmuşdu.

İki gün sonra – 30 avqustda o, Parisdəki Zəfər tağının altında Naməlum Əsgər məzarının əbədi məşəlinin yenidən alovlandırılması mərasimində iştirak edib və Fransanın Böyük Şərqi adından əklil qoyub.

Təşkilat bildirir ki, təşkilatın tarixində ilk dəfə idi ki, bu mərasimdə belə rəsmi formada iştirak edirdi. Digər Fransa mason təşkilatlarının nümayəndələri də tədbirə qatılıblar.
Fransanın Böyük Şərqi özü ictimai proseslərdə iştirak etdiyini gizlətmir: lojalarında sosial və siyasi məsələləri müzakirə edir, mövqelər formalaşdırır, parlamentarilərə müraciət edir, parlament dinləmələrində iştirak edir və müəyyən qanunvericilik dəyişikliklərini açıq şəkildə müdafiə edir.
Başqa sözlə, burada sənədləşdirilə bilən fakt “masonların dünyanı idarə etməsi” deyil, Fransanın ən böyük mason təşkilatının ölkənin ictimai-siyasi gündəminə təsir etməyə açıq şəkildə çalışmasıdır.