Almaniyada 18 yaşlı kişilərin hərbi xidmətə yararlılığının məcburi yoxlanılması tətbiq olunacaq. Yeni qaydalara əsasən, Bundesverdə xidmət etmək istəməyən gənclər də tibbi komissiyadan keçməli olacaqlar.
MSNews.az xəbər verir ki, Almaniya hökumətinin təsdiqlədiyi yeni hərbi xidmət sistemi çərçivəsində məcburi tibbi müayinələrin 2027-ci il iyulun 1-dən başlanılması nəzərdə tutulur.
Qayda 2008-ci ildə və daha sonra anadan olmuş Almaniya vətəndaşı olan kişilərə şamil ediləcək. Onlar hərbi xidmətə münasibətlərindən asılı olmayaraq Bundesverin tibbi komissiyasından keçməli olacaqlar.
2026-cı ilin yanvarından qüvvədə olan yeni sistemə əsasən, 18 yaşına çatan gənclərə hərbi xidmətə maraqları, sağlamlıq vəziyyətləri və fərdi bacarıqları barədə sorğu anketləri göndərilir. Kişilər üçün anketin doldurulması məcburi, qadınlar üçün isə könüllüdür.
Məcburi tibbi müayinələrin məqsədi gənclərin hərbi xidmətə fiziki və psixoloji uyğunluğunu müəyyənləşdirmək, həmçinin ölkənin potensial hərbi kadr ehtiyatını qiymətləndirməkdir.
Bununla belə, tibbi müayinədən keçmək məcburi hərbi xidmətə çağırılmaq demək deyil. Bundesverin rəsmi məlumatına görə, hərbi xidmət hazırda könüllülük prinsipinə əsaslanır. Məcburi çağırışın tətbiqi üçün Bundestaqın ayrıca qanun qəbul etməsi tələb olunur.
Almaniya hökuməti yeni sistemi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və silahlı qüvvələrin şəxsi heyətinin artırılması məqsədilə tətbiq edir. Rəsmi plana əsasən, 2035-ci ilədək Bundesverin şəxsi heyətinin 260 mindən, ehtiyatda olan hərbçilərinin sayının isə 200 mindən çox olması hədəflənir.