Paris Apellyasiya Məhkəməsi Fransanın sağçı “Milli Birlik” partiyasının liderlərindən biri Marin Le Pen barəsində çıxarılmış ittiham hökmünü qüvvədə saxlayıb.
MSNews.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. Telekanalın məlumatına görə, məhkəmə qərarına baxmayaraq, Le Penin 2027-ci ildə Fransa prezidenti seçkilərində namizəd olmaq hüququ saxlanılıb.
İş Avropa Parlamenti vəsaitlərindən sui-istifadə ittihamı ilə bağlıdır. Le Pen və “Milli Birlik” partiyasına yaxın şəxslər Avropa Parlamentində deputat köməkçiləri üçün ayrılan vəsaitlərin partiya fəaliyyəti üçün istifadə edilməsi ilə bağlı ittiham olunurdular. “Reuters“-in məlumatına görə, Le Pen 2025-ci ilin martında bu iş üzrə təqsirli bilinmiş və ona 5 illik seçkilərdə iştirak qadağası, 100 min avro cərimə və azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.
Birinci instansiya qərarı Le Penin 2027-ci il prezident seçkilərində iştirakını ciddi sual altına qoymuşdu. Le Pen apellyasiya instansiyasında qadağanın qüvvədə saxlanılacağı təqdirdə prezidentliyə namizəd olmayacağını bildirmişdi.
“The Guardian”ın məlumatına görə, məhkəmə işi Le Penin siyasi gələcəyi üçün həlledici hesab olunurdu. Əgər seçki qadağası tam qüvvədə saxlanılsaydı, onun yerinə “Milli Birlik” partiyasının sədri Jordan Bardellanın 2027-ci il prezident seçkilərində əsas namizəd kimi irəli sürülməsi ehtimalı gündəmə gələcəkdi.
BFM TV-nin yaydığı məlumata əsasən, apellyasiya məhkəməsinin qərarı Le Penin hüquqi baxımdan təqsirli sayılmasını saxlayır, lakin onun prezident seçkilərində iştirak imkanını tam bağlamır. Bu isə Fransa siyasətində 2027-ci il seçkiləri öncəsi güc balansını dəyişə biləcək mühüm qərar kimi qiymətləndirilir.
Marin Le Pen ittihamları siyasi motivli adlandırır və özünü təqsirli hesab etmir. Onun tərəfdarları qərarı Le Penin seçki kampaniyasını davam etdirməsi üçün mühüm dönüş nöqtəsi kimi dəyərləndirirlər.