Sudan hökuməti iki ildən sonra paytaxt Xartuma qayıtdı

Sudan hökuməti hərbi-siyasi qarşıdurmalar səbəbindən Port Sudana köçdükdən sonra ilk dəfə rəsmi şəkildə paytaxt Xartuma geri dönüb. Baş nazir Kamil İdris xidmətləri yaxşılaşdırmaq və bərpa işlərini sürətləndirmək vədlərini açıqlayıb.

30

Sudanın Baş naziri Kamil İdris müharibənin başlanmasından bəri ilk dəfə hökumətin rəsmi şəkildə paytaxt Xartuma geri döndüyünü elan edib və bu addımı ölkə üçün dönüş nöqtəsi adlandırıb.

Hökumət 15 aprel 2023‑cü ildə ordu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı qarşıdurma başlayanda Port Sudan şəhərinə köçmüşdü və orada fəaliyyət göstərirdi. İdris Xartuma gəlişində xalqa müraciət edərək “Bu gün biz qayıdırıq və Ümid Hökuməti milli paytaxtda firavan xidmət və daha yaxşı həyat vədləri ilə geri dönür” deyib və səhiyyə, təhsil xidmətlərini yaxşılaşdırmaq, xəstəxanaları yenidən qurmaq, məktəb və universitetləri bərpa etmək, eləcə də, təhlükəsizlik və yaşayış şəraitini yaxşılaşdırmaq üçün işlərin aparılacağını deyib.

 O, hökumətin 2026‑cı il dövlət büdcəsini xalqın üzərinə əlavə yük qoymadan təqdim etdiyini, inflyasiyanı 70 faizə qədər azaltmağı, ÜDM artımını 10 faiz səviyyəsinə çatdırmağı və valyuta bazarındakı qeyri‑rəsmi kursların nəzarət altına alınmasını hədəflədiyini bildirib.

Bu geri dönüş Xartumun uzun müddət davam edən münaqişədən sonra yenidən inzibati və mədəni mərkəz kimi bərpa olunması səylərini simvolizə edir, lakin ölkədə ordu ilə silahlı qruplar arasındakı münasibətlər və geniş humanitar problemlər hələ də ciddi çağırışlar olaraq qalmaqdadır.