Ben-Qvir Qəzzanı kurorta çevirməyi təklif edib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinlilərin Qəzzadan köçürülməsini humanitar addım adlandırıb. O, bölgədə İsrail yaşayış məntəqələrinin salınmasını və turizm layihələrinin həyata keçirilməsini təklif edib.

20

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinlilərin Qəzza zolağından kütləvi şəkildə köçürülməsini humanitar addım kimi təqdim edərək ərazidə İsrail yaşayış məntəqələrinin salınmasını və sahilboyu turizm zonasının yaradılmasını təklif edib.

MSNews.az xəbər verir ki, Ben-Qvir bu barədə podkast müsahibəsində danışıb. Nazirin sözlərini “Clash Report”  nəşri yayımlayıb.

Ben-Qvir Qəzzadakı mövcud yaşayış şəraitinə toxunaraq fələstinlilərin ərazidən çıxarılmasını onların xeyrinə atılan addım kimi qiymətləndirib.

“Qəzzada insanların yaşayış şəraiti yaxşı deyil. Mən onları Qəzzadan çıxarmaq istəyirəm. Mən humanistəm, başa düşürsünüz? Mən onlara yaxşılıq edirəm”, – deyə nazir bildirib.

O, fələstinlilərin köçürülməsinin İsrailin təhlükəsizlik maraqlarına xidmət edəcəyini də vurğulayıb.

“Əgər fələstinliləri Qəzzadan çıxarsaq, bu, bizim üçün daha çox həyat deməkdir. Bundan sonra Qəzza daşınmaz əmlak bazarına çevrilə bilər. Ora möhtəşəm sahil mirvarisi ola bilər. Orada yaşayış məntəqələri tikilməlidir”, – deyə Ben-Qvir qeyd edib.

Nazir Qəzzanın təxminən iki milyonluq əhalisindən 1,7–1,8 milyon nəfərin bölgəni tərk edə biləcəyini iddia edib. Onun sözlərinə görə, sifariş verdiyi sorğular sakinlərin 60 faizinin dərhal köçməyə hazır olduğunu göstərir. Lakin bu sorğuların metodologiyası və nəticələri barədə müstəqil təsdiqlənmiş məlumat təqdim olunmayıb.

Ben-Qvir sentyabrın 3-də də fələstinlilərin Qəzzadan köçürülməsinə dair “Ayrılma 710” adlı yeddiillik plan təqdim etmişdi.

“Ynet”  nəşrinin məlumatına görə, təşəbbüs ilk il 250 min, yeddi il ərzində isə ümumilikdə 1,86 milyon fələstinlinin Qəzzanı tərk etməsini nəzərdə tutur.

Plan çərçivəsində xüsusi nazirliyin yaradılması, köçən şəxslərə maliyyə yardımının göstərilməsi və onları qəbul edən ölkələrlə razılaşmaların əldə edilməsi təklif olunur. Mümkün istiqamətlər arasında Türkiyə, Efiopiya və Konqo da göstərilib. Bununla belə, həmin ölkələrin fələstinliləri qəbul etməyə razılıq verdiyi təsdiqlənməyib.

Ben-Qvir köçürülmənin könüllü xarakter daşıyacağını bildirir. Lakin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2026-cı ilin mayında dərc etdiyi hesabatda Qəzzadakı dağıntılar, humanitar məhdudiyyətlər və mövcud təhlükəsizlik şəraiti fonunda əhalinin bölgəni tərk etməsinin könüllü hesab olunması ciddi şəkildə mübahisələndirilir.

Qeyd edək ki, Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsi işğal olunmuş ərazilərdən mülki əhalinin məcburi köçürülməsini və deportasiyasını qadağan edir. Beynəlxalq hüquqa əsasən, insanların getməkdən başqa real seçim imkanının olmaması da məcburi köçürülmə kimi qiymətləndirilə bilər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.