Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles İsrail hökumətini Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Kiyevə hərbi yardım göstərməmək qərarına görə sərt tənqid edib.
MSNews.az xəbər verir ki, Uolles “X” hesabında paylaşdığı açıqlamada Benyamin Netanyahu hökumətinə Ukraynaya yardım etməyi şəxsən tövsiyə etdiyini, lakin İsrail tərəfinin Rusiyanı qəzəbləndirmək istəmədiyini əsas gətirərək bundan imtina etdiyini bildirib. Açıqlamanı “UK Defence Journal” yayıb.
Uolles yazıb:
“Mən Benyamin Netanyahu hökumətinə Ukraynaya kömək etməyi tövsiyə etdim. İsrail Rusiyanı qəzəbləndirmək istəmədiyini deyərək bundan imtina etdi. Beləliklə, Rusiya İran dronlarına təxminən 1 milyard dollar vəsait xərcləməyə davam etdi”.
Keçmiş nazir bu siyasətin nəticələri ilə indi adi İsrail vətəndaşlarının üzləşdiyini iddia edib. O, həmçinin Ukraynaya genişmiqyaslı hücumdan sonra İsrailin Rusiyadan gələn “çirkli pulları və dələduzları” qəbul etdiyini yazıb.
İsrail 2022-ci ildə Rusiyanın hücumunu pisləsə və Ukraynaya humanitar yardım göstərsə də, Kiyevin silah və hava hücumundan müdafiə sistemləri ilə bağlı müraciətlərini qəbul etməyib. İsrailin o zamankı müdafiə naziri Benni Qants ölkəsinin Ukraynaya silah verməyəcəyini, lakin hava hücumları barədə xəbərdarlıq sisteminin hazırlanmasına kömək edə biləcəyini açıqlamışdı.
İsrailin ehtiyatlı mövqeyi əsasən Rusiya ilə münasibətlərin kəskinləşməsi və Suriyada fəaliyyət göstərən Rusiya qüvvələri ilə mövcud koordinasiya mexanizminin təhlükəyə düşməsi ehtimalı ilə əlaqələndirilirdi. Bununla yanaşı, İsrail Ukraynaya qoruyucu vasitələr və humanitar dəstək təqdim etmişdi.
Rusiya isə müharibə dövründə İran istehsalı olan “Shahed” dronlarından geniş şəkildə istifadə edib və sonradan həmin PUA-ların istehsalını öz ərazisində lokallaşdırıb. “Associated Press” Rusiya ilə İran arasında dron istehsalı üzrə razılaşmanın dəyərinin təxminən 1,7 milyard dollar olduğunu yazıb.
Ben Uolles 2019-cu ilin iyulundan 2023-cü ilin avqustuna qədər Böyük Britaniyanın müdafiə naziri olub və Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Kiyevə silah göndərilməsinin əsas tərəfdarlarından biri kimi çıxış edib.
İsrail hökuməti Uollesin son ittihamlarına hələlik açıq şəkildə münasibət bildirməyib.