ABŞ Rusiyanı xaricdə sui-qəsd planlarında ittiham edir

ABŞ prokurorluğu Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilən beş nəfəri ABŞ və Avropada dissidentlərə qarşı sui-qəsdlər və infrastruktura hücum planları ilə bağlı ittiham edib.

41

ABŞ hakimiyyəti Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu iddia edilən beş nəfəri ABŞ və Avropada dissidentlərin öldürülməsi, insanların izlənilməsi və Ukraynanı dəstəkləyən ölkələrdə infrastruktura hücumların təşkili ilə bağlı ittiham edib.

MSNews.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi sentyabrın 15-də Manhetten federal məhkəməsində ittiham aktının məxfiliyinin qaldırıldığını açıqlayıb. “Associated Press” yazır ki, istintaq sözügedən şəbəkənin ən azı 2024-cü ildən Rusiyanın xüsusi xidmət strukturları ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyini iddia edir. Beş təqsirləndirilən şəxsin hamısının hazırda ABŞ-dan kənarda olduğu və azadlıqda qaldığı bildirilir.

İttiham aktına əsasən, şəbəkənin əsas hədəfləri arasında rusiyalı dissidentlər və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Kiyevə dəstək verən ölkələr olub. ABŞ tərəfi şəbəkənin Avropada mülki və hərbi infrastruktura qarşı hücumlar həyata keçirmək üçün şəxsləri əməkdaşlığa cəlb etməyə çalışdığını da iddia edir.

İstintaqın məlumatına görə, bu yay ABŞ-da yaşayan bir şəxs Vaşinqton ərazisində olduğu düşünülən tanınmış rusiyalı dissidenti izləmək üçün cəlb edilib. Ona əvvəlcə müşahidə aparması üçün 1000-1500 dollar vəd olunub. Həmin şəxs hədəflə əlaqəli ünvanların foto və videolarını ötürdükdən sonra dissidentin “aradan götürülməsi” üçün ona 40 min dollar təklif edilib. O, qətli həyata keçirməkdən imtina edib.

ABŞ prokurorluğu bildirir ki, bundan sonra şəbəkə eyni işi həyata keçirəcək başqa şəxslər axtarmağa çalışıb. İttiham aktında 2025-ci ildə Litvada yaşayan və Rusiya haqqında “yalanlar danışmaqda” ittiham edilən başqa bir şəxsin öldürülməsi üçün ABŞ vətəndaşına təxminən 25 min dollar təklif edildiyi də iddia olunur.

Təqsirləndirilənlər arasında Rusiya xüsusi xidmətlərinin keçmiş polkovniki Yuri Xrameyev, onun FSB əməkdaşı olduğu bildirilən oğlu Kirill Xrameyev, Kuba vətəndaşları Oemis Romaqosa DurrutiYaidel Delqado Suares, həmçinin Venesuela vətəndaşı Anxel Eduardo Kastro var. Beş nəfərin hamısı terrorizmin maliyyələşdirilməsi üzrə sui-qəsddə, onlardan üçü isə muzdlu qətlin təşkili ilə bağlı sui-qəsddə ittiham olunur.

FTB bildirib ki, əməliyyat nəticəsində ABŞ ərazisində nəzərdə tutulan hücum planının qarşısı alınıb. ABŞ Ədliyyə Nazirliyi isə ittiham aktındakı məlumatların hələ məhkəmədə sübuta yetirilməli olduğunu və bütün təqsirləndirilən şəxslərin günahları sübut edilənədək təqsirsiz sayıldığını xüsusi qeyd edib.

Moskva ittihamları qəbul etməyib. “Reuters”-in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya tərəfi “inandırıcı sübutlar və konkret faktlara əsaslanan arqumentlər” görməyənədək bu məlumatlara münasibət bildirməyi zəruri hesab etmir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.