İlluminati Ordeni: Tarix, əfsanələr və konspirasiyalar

İlluminati ordeni, onun tarixi, üzvləri və konspirasiyalar haqqında ətraflı məlumat. Adam Veyshaupt tərəfindən 1776-cı ildə yaradılan bu qapalı cəmiyyətin fəaliyyəti, simvolları və müasir mədəniyyətə təsirləri.

48

1 may, təkcə Beynəlxalq Əmək Günü və ya Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi xatırlanmır, həm də tarixdə sirli bir cəmiyyətin – İlluminati ordeninin yaradıldığı gündür. “İlluminati” adı latıncadan “işıqlanmış”, “aydınlanmış” mənasını verən “illuminatus” sözündən götürülüb.

Bu okkult-fəlsəfi və mistik cəmiyyət 1 may 1776-cı ildə Almaniyanın Bavariya əyalətində, İnqolştadt Universitetinin hüquq professoru Adam Veyshaupt tərəfindən qurulub. Ordenin əsas məqsədi kilsə doqmalarına qarşı çıxmaq və bəşəriyyəti “Yeni Yerusəlimin inşası” yolunda kamilləşdirmək idi.

İlluminati ordeni elm adamları, filosoflar, hüquqşünaslar və dövlət məmurlarını birləşdirən qapalı cəmiyyət olaraq tanınıb. Brunsvik hersoqu Ferdinand, diplomat Frans Haver von Tsvak və ədəbiyyat dahisi İohan Volfqanq von Höte də bu ordenin üzvləri arasında olub. Qitənin müxtəlif bölgələrində şöbələr açan İlluminati 1784-cü ildə üzvlərinin sayını iki mini ötmüşdü.

Ordenin strukturu masonluqla oxşar idi və simvol kimi qədim Romada müdriklik tanrıçası Minerva qəbul olunmuşdu. Başlanğıcda üç pillədən ibarət olan struktur – neofitlər, minervallar və kamil minervallar – sonradan iyerarxik olaraq ciddiləşdirilmişdi. İdarəetmənin əsas halqasını Veyshaupta yaxın olan 12 üzvün cəmləşdiyi areopaq təşkil edirdi. Üzvlərin hamısı müxtəlif ləqəblər daşıyırdı. Məsələn, Adam Veyshaupt özü “Spartak” ləqəbini götürmüşdü.

1778-ci ildə Adof fon Kniggenin ordenə daxil olması ilə cəmiyyət daha da gücləndi. İohan Volfqanq von Höte və İohan fon Herder də onun təşəbbüsü ilə üzvlük qazanmışdı. Lakin Veyshaupt və Knigge arasında daxili ziddiyyətlər ordenin dağılmasına səbəb oldu. 1777-ci ildə Karl Teodor Bavariyanın rəhbərliyə gəlməsi ilə bütün gizli cəmiyyətlər, o cümlədən İlluminati qadağan edildi. Orden 1785-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırdı, Adam Veyshaupt isə İnqolştadt Universitetindən uzaqlaşdırılıb Türingen-Qotaya sürgün edildi.

İlluminati ordeni tarixə qovuşsa da, onun ətrafında konspirasiyalar səngimədi. Dünya hakimiyyətinə, vahid dünya dövlətinə çalışdıqları və bir çox inqilab, sui-qəsd və maliyyə böhranlarını idarə etdikləri fikirləri ortaya atıldı. Bu konspirasiyalar ilk dəfə 1797-1798-ci illərdə Ogüstyen de Barruelin “Memoirs Illustrating the History of Jacobinism” və Con Robinsonun “Proofs of a Conspiracy” əsərlərində yer aldı. Fransız inqilabında onların iştirak etdiyi və məşhur “Qardaşlıq, Bərabərlik, Azadlıq” şüarının da onlara aid olduğu iddiaları ortaya atıldı.

İlluminati ilə əlaqəli simvollar müasir mədəniyyətdə də diqqət çəkir. 1 ABŞ dollarında “Novus Ordo Seclorum” və “Annuit Coeptis” ifadələri, piramida və hər şeyi görən göz simvolları konspiroloqlar tərəfindən illuminatinin planladığı Yeni Dünya Düzəninin işarəsi kimi təqdim olunur.

Hollywood və populyar musiqidə də illuminati simvollarına rast gəlmək olur. Stenli Kubrikin “Eyes Wide Shut” filmi və populyar musiqi sənayesində Ledi Qaqa, Rihanna, Cey Z və digər müğənnilərin klipləri buna misaldır.

Hərçənd, tarixi faktlara baxdıqda İlluminati ordeni artıq tarixdə qovuşub və onun bütün müharibələr, inqilablar və sui-qəsdlərin arxasında durduğunu iddia etmək əfsanədən başqa bir şey deyil. Əslində bu, adını qoruyan bir pərdə kimi çıxış edir, amma maraq və təəccüb həmişə mövcud olub.