Nobel Fondu 2026-cı ildə Nobel mükafatının pul məbləğini hər kateqoriya üzrə 1 milyon İsveç kronu artıraraq 12 milyon krona (təxminən 1,2 milyon ABŞ dolları) çatdırıb. Qərar mükafatın təsis edilməsinin 125-ci ildönümü münasibətilə qəbul olunub.
MSNews.az xəbər verir ki, bu barədə Nobel Fondu sentyabrın 18-də rəsmi açıqlama yayıb. Yeni məbləğ ötən illə müqayisədə təxminən 9 faiz artım deməkdir. Bu barədə “Reuters” agentliyi də məlumat yayıb.
Nobel Fondunun icraçı direktoru Hanna Styerne bildirib ki, mükafatın artırılması onun uzunmüddətli əhəmiyyətinin qorunmasına xidmət edir.
“Bu il Nobel mükafatının 125 illiyini qeyd edirik və bununla əlaqədar mükafatın məbləğini 1 milyon kron artırmaq imkanımız olduğu üçün şadıq. Bu addımla Nobel mükafatının uzunmüddətli əhəmiyyətini dəstəkləyir və onun maliyyə dəyərinin zamanla qorunmasını təmin edirik”, – deyə Styerne vurğulayıb.
Nobel mükafatı ilk dəfə 1901-ci ildə təqdim edilib. Həmin vaxt hər kateqoriya üzrə pul mükafatı 150 782 İsveç kronu təşkil edib.
Sonrakı illərdə mükafatın məbləği bir neçə dəfə dəyişdirilib. Nobel Fondu 2012-ci ildə maliyyə vəziyyətini gücləndirmək məqsədilə ödənişi 10 milyon krondan 8 milyon krona endirib. Daha sonra məbləğ mərhələli şəkildə artırılaraq 2025-ci ildə 11 milyon krona çatdırılıb.
2026-cı ilin Nobel laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq. Mükafatlar fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat, sülh və iqtisadiyyat elmləri üzrə təqdim olunacaq.
Qeyd edək ki, bir kateqoriya üzrə bir neçə laureat müəyyənləşdirildikdə, həmin kateqoriya üçün ayrılan 12 milyon kron mükafatçılar arasında bölüşdürüləcək.