ABŞ federal məhkəməsi maliyyəçi Ceffri Epşteynə aid olduğu iddia edilən ölümqabağı qeydin məxfiliyini ləğv edib. Qeyd, illərlə Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalyonenin cinayət işi materialları arasında möhürlü saxlanılıb. “Reuters” yazır ki, sənəd “The New York Times”ın müraciətindən sonra Nyu-York federal hakimi Kennet Karas tərəfindən ictimaiyyətə açıq elan olunub.
Məlumata görə, Tartalyone qeydi 2019-cu ilin iyulunda, Epşteynin həbsxanada özünə xəsarət yetirdiyi ilk hadisədən sonra tapdığını bildirib. Bir neçə həftə sonra, 2019-cu ilin avqustunda Epşteyn Nyu-Yorkdakı kamerasında ölü tapılıb. Rəsmi tibbi ekspertiza onun ölümünü intihar kimi qiymətləndirsə də, hadisə illərdir geniş ictimai mübahisələr və müxtəlif versiyalar doğurur.
Açıqlanan qeyd sarı bloknot vərəqində yazılıb və kitabın içərisində saxlanıldığı bildirilir. Mətnin müəllifinin Epşteyn olub-olmadığı isə hələ rəsmi şəkildə təsdiqlənməyib. “Washington Post” qeyd edir ki, Tartalyonenin vəkilləri yazının Epşteynə məxsus olduğunu iddia etsələr də, heç bir rəsmi qurum onun həqiqiliyini təsdiqləməyib.
Qeyddə yazılır:
“Aylarla məni izləyiblər – heç nə tapmayıblar!!! Sonda 15 il əvvəlki ittihamlar ortaya çıxdı. Vidalaşmaq üçün anı özün seçmək imkanının olması xoşdur. Məndən nə istəyirsiniz – hönkür-hönkür ağlamağımı, yoxsa necə!! Heç bir marağı yoxdur – buna dəyməz!!”

Epşteyn 2019-cu ildə azyaşlıların cinsi istismarı və insan alveri ilə bağlı federal ittihamlarla üzləşdiyi vaxt həbsdə idi. Daha əvvəl, 2008-ci ildə o, fahişəliyə cəlb etmə, o cümlədən azyaşlı ilə bağlı ittiham üzrə günahını etiraf etmişdi. Yeni açıqlanan qeyd onun şəxsi sənədləri və Ədliyyə Departamentinin əvvəlki materialları arasında yer almadığı üçün iş ətrafındakı sualları yenidən gündəmə gətirib.