Duma deputatı “Telegram” məhdudiyyətlərinin götürülməsini istəyib

Rusiyanın “MAX” messenceri “App Store” və “Google Play”dən silindikdən sonra Dövlət Dumasının deputatı Sergey Obuxov "Telegram"-a tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.

26

Rusiyada Dövlət Dumasının deputatı Sergey Obuxov “Telegram” messencerinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını və platformanın təsisçisi Pavel Durovla dialoqun bərpa edilməsini təklif edib.

MSNews.az xəbər verir ki, Obuxov bu barədə “RTVI” nəşrinə açıqlamasında danışıb. O bildirib ki, xüsusilə sərhədyanı bölgələrdə yaşayan sakinlər “Telegram”-ın fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərdən narazıdırlar.

“Telegram”-ı bərpa etmək və Durovla ortaq nöqtələr axtarmaq lazımdır”, – deyə deputat vurğulayıb.

Obuxovun sözlərinə görə, “Telegram”-ın “MAX” tətbiqi ilə əvəzlənməsindən sonra bəzi sərhədyanı ərazilərdə raket və PUA təhlükəsinə dair “push” bildirişlərinin çatdırılmasında problemlər yaranıb. Bu məlumat deputatların Rusiya Rəqəmsal İnkişaf Nazirliyinə ünvanladığı müraciətdə yer alıb və hələlik müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.

Deputat daha əvvəl Kommunist Partiyasından olan həmkarları ilə birlikdə xarici messencerlərin məhdudlaşdırılmasının effektivliyinin qiymətləndirilməsi üçün rəqəmsal inkişaf naziri Maksut Şadayevə müraciət etdiklərini də bildirib.

Obuxovun açıqlamasına görə, nazirliyin cavabında “Telegram” və digər xarici messencerlərin Rusiya qanunvericiliyinin tələblərini sistemli şəkildə pozduğu və onların səsli rabitə xidmətlərindən dələduzluq məqsədilə istifadə edildiyi qeyd olunub. Nazirlik məhdudiyyətlərdən sonra informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin sayının 11,8 faiz azaldığını bildirib. Obuxov isə verilən cavabı yetərli hesab etməyib.

Çağırış Rusiyanın “MAX” messencerinin mobil tətbiq mağazalarından çıxarılması fonunda səsləndirilib. Tətbiq iyunun əvvəlində “App Store”dan, iyulun 16-da isə “Google Play”dən silinib. “Google Play”dən eyni zamanda “VK” holdinqinə aid bir sıra digər tətbiqlər də çıxarılıb.

“Meduza” yazır ki, “Apple” MAX-ın silinməsini sanksiya tələbləri ilə əlaqələndirib. “Google” isə qərarın səbəbi ilə bağlı açıq rəsmi izahat verməyib. Tətbiq əvvəlcədən quraşdırıldığı cihazlarda işləməyə davam edir və alternativ Android mağazalarından yüklənə bilir.

Hazırda Obuxovun çağırışı ayrıca deputat təşəbbüsüdür. Telegram-a tətbiq olunan məhdudiyyətlərin götürülməsi barədə Rusiya hakimiyyətinin rəsmi qərarı açıqlanmayıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti