Britaniya hərbçiləri Sankt-Peterburqa “hücumu” sınaqdan keçirib

Britaniya hərbçiləri Estoniyanın Tapa bazasında keçirilən təlim zamanı “Nyan” zərbə dronlarının Sankt-Peterburqa çata bilib-bilməyəcəyini yoxlayıblar.

11

Estoniyada yerləşdirilən Britaniya hərbçiləri yeni reaktiv zərbə dronlarının NATO-nun Tapa bazasından Rusiyanın Sankt-Peterburq şəhərinə çata bilib-bilməyəcəyini hərbi təlim çərçivəsində sınaqdan keçiriblər.

MSNews.az xəbər verir ki, “The Sun” Britaniya Kral Artilleriyasının hərbçilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan “Nyan” tipli reaktiv dronlarla mümkün zərbə ssenarilərini məşq etdiyini yazıb. Dronların uçuş məsafəsinin 150 mildən — təxminən 240 kilometrdən — çox olduğu bildirilir.

Britaniyalı hərbçilərdən biri nəşrə açıqlamasında təlim zamanı əsas məqsədin dronun Tapa bazasından Sankt-Peterburqa qədər olan məsafəni qət edib-etməyəcəyini yoxlamaq olduğunu deyib:

“Təlim zamanı onun buradan Sankt-Peterburqa çata bilib-bilməyəcəyini sınaqdan keçirdik. Çox şey düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərindən asılıdır”.

Tapa bazası ilə Sankt-Peterburqun mərkəzi arasında hava xətti ilə məsafə təxminən 150 mildir. Şəhərin yaxınlığında Kronştadt hərbi-dəniz bazası və Levaşovo hərbi aerodromu kimi strateji obyektlər də yerləşir.

“Nyan” dronlarının neft anbarları, sursat bazaları, aerodromlar və komandanlıq məntəqələri kimi hədəflərə qarşı istifadə üçün hazırlandığı bildirilir. Bir aparatın dəyəri təxminən 80 min funt sterlinq qiymətləndirilir. Britaniya hərbçiləri hesab edirlər ki, belə dronların vurulması qarşı tərəfi daha bahalı zenit raketlərindən istifadə etməyə məcbur edə və hava hücumundan müdafiə mövqelərini üzə çıxara bilər.

Məlumata görə, yeni dron bölmələri Britaniyanın Estoniyadakı qüvvələrinin strukturunda əvvəllər yerləşdirilmiş bəzi “Challenger 2” tanklarını əvəz edir. Bu dəyişiklik ordunun daha çevik, uzaqmənzilli və nisbətən ucuz pilotsuz sistemlərə üstünlük verməsinin bir hissəsi kimi təqdim olunur.

Estoniya 2027-ci ildən etibarən əlavə 300 Britaniya hərbçisinin və 250 kilometrədək mənzilə malik pilotsuz sistemlərin yerləşdiriləcəyini də açıqlayıb. Britaniya qüvvələri NATO-nun şərq cinahının müdafiəsi çərçivəsində Tapa bazasında Estoniya ordusu ilə birlikdə xidmət edir.