Naxçıvanda 518 mənzillik sosial evlər kompleksi tikiləcək

Prezident İlham Əliyev Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Layihə çərçivəsində 16 yaşayış binası və zəruri infrastruktur yaradılacaq.

68

Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.

Dövlət başçısına Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov layihə barədə məlumat verib.

Kompleksin inşası üçün Naxçıvan şəhərində 5 hektara yaxın torpaq sahəsi ayrılıb. Ərazidə 6 və 7 mərtəbəli olmaqla ümumilikdə 16 yaşayış binası tikiləcək.

Mənzillərin 93-ü birotaqlı, 37-si ikiotaqlı, 351-i üçotaqlı, 37-si isə dördotaqlı olacaq. Beləliklə, kompleksdə ümumilikdə 518 güzəştli mənzil yaradılacaq. Məlumatı “Report” da Prezidentin rəsmi saytına istinadən yayıb.

Layihə yalnız yaşayış binalarını əhatə etməyəcək. Kompleksdə uşaq bağçası və iaşə obyektlərinin tikintisi, elektrik enerjisi, qaz, su və kanalizasiya sistemlərinin yaradılması nəzərdə tutulur. Ərazidə yollar və səkilər salınacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Prezident İlham Əliyevə MİDA-nın indiyədək həyata keçirdiyi və gələcəkdə icrası nəzərdə tutulan digər layihələr barədə də məlumat verilib.