Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımaları altı illik fasilədən sonra bərpa edilir. “Azərbaycan Dəmir Yolları” QSC mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının yenidən hərəkətə başlayacağını açıqlayıb. Qatarlar İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli müasir vaqonlarla xidmət göstərəcək.
Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı il mayın 25-i saat 00:00-dan etibarən Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycana vizasız gəlmə hüququ olan xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında dəmir yolu nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə veriləcək. Müvafiq qurumlara qərardan irəli gələn məsələlərin qanunvericiliyə uyğun həlli tapşırılıb.
ADY-nin ilkin qrafikinə görə, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da hərəkətə başlayacaq və ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Səfər müddətinə Azərbaycan və Gürcüstan sərhədlərində gömrük-sərhəd yoxlamaları üçün ümumilikdə 2 saat da daxildir.
Qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə gedişhaqqı məsafədən və komfort sinfindən asılı olaraq dəyişəcək. Bir istiqamət üzrə minimum tarif Bakı–Tbilisi marşrutu üçün 81 manat, Yevlax–Tbilisi üçün 67 manat, Gəncə–Tbilisi üçün 62 manat, Ağstafa–Tbilisi üçün 57 manat, Böyük Kəsik–Qardabani istiqaməti üçün isə 51 manat təşkil edəcək.
ADY bildirir ki, beynəlxalq istiqamətlər üzrə qiymətlər İsveçrə frankının məzənnəsinə əsasən formalaşdırılır və kurs fərqindən asılı olaraq dəyişə bilər.
Xatırladaq ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin martında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılmışdı. Marşrutun bərpası Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqələrinin, turizm axınının və regional sərnişin daşımalarının canlanması baxımından mühüm addım hesab olunur.