“Atletiko” Alvaresi “Barselona”ya satmaq istəmir

“Atletiko Madrid” Xulian Alvaresin “Barselona”ya mümkün keçidi ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib. Madrid klubu futbolçunun 2030-cu ilə qədər müqaviləsi və 500 milyon avroluq sərbəstqalma məbləği olduğunu bildirir.

23

“Atletiko Madrid” Xulian Alvaresin “Barselona”ya mümkün keçidi ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib.

“Barca Blaugranes” yazır ki, Madrid klubuna yaxın mənbələr “Barselona”nın argentinalı hücumçu ilə bağlı davranışından narazıdır. Məlumata görə, “Atletiko” Alvaresin satılmadığını, futbolçu üçün heç bir rəsmi təklif almadığını və “Barselona” ilə bu mövzuda görüş keçirilmədiyini bildirib.

Klub mənbələri transfer ətrafında yayılan xəbərləri “aylarla davam edən yalanlar, yarımhəqiqətlər və uydurma hekayələr” kimi qiymətləndirib. “Atletiko” tərəfi Alvaresin bu şayiələrdə günahı olmadığını və futbolçunun peşəkar davrandığını da vurğulayıb.

“beIN SPORTS” qeyd edir ki, Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilə qədərdir və futbolçunun sərbəstqalma məbləği 500 milyon avro təşkil edir. Madrid klubu bu səbəbdən transfer məsələsində üstün mövqedə olduğunu düşünür və argentinalını növbəti mövsümün planlarında əsas oyunçulardan biri kimi görür.

“Barca Blaugranes” digər materialında isə “Atletiko” mənbələrinin “Barselona”nın 100 milyon avroluq təklif göndərməsi barədə xəbərləri təkzib etdiyini yazıb. Mənbə bu iddianı “növbəti yalan” adlandırıb və belə bir təklif gəlsə belə, qəbul edilməyəcəyini bildirib.

Bununla yanaşı, İspaniya mediasında “Barselona”nın Alvaresə marağının davam etdiyi yazılır. Kataloniya klubunun hücum xəttini gücləndirmək istədiyi, argentinalı futbolçunu isə uzunmüddətli əsas hədəflərdən biri kimi gördüyü bildirilir. Lakin “Atletiko”nun mövqeyi hazırda dəyişməz olaraq qalır: Alvares satılmır.

Qeyd edək ki, Alvares 2024-cü ildə “Mançester Siti”dən “Atletiko Madrid”ə keçib. O, qısa müddətdə Madrid klubunun əsas hücumçularından birinə çevrilib və Dieqo Simeonenin sistemində vacib rol oynayıb.

Hazırda “Atletiko Madrid”in rəsmi saytında ayrıca bəyanat dərc olunmasa da, İspaniya mediası klub mənbələrinə istinadən Madrid təmsilçisinin “Barselona”ya bu keçidin mümkün olmadığını açıq şəkildə çatdırdığını yazır.