Qadın atletlərin seksual obyekt kimi çəkilməməsi üçün qaydalar hazırlandı

Avropa Yayım Birliyi və Avropa Atletikası qadın yarışlarının yayımında bədənə fokuslanan rakurslardan və məqsədsiz ləngidilmiş təkrarlardan yayınmağı tövsiyə edib.

12

Avropa Yayım Birliyi (EBU) və Avropa Atletikası qadın atletika yarışlarının televiziya yayımında idmançıların seksual obyekt kimi təqdim edilməsinin qarşısını almaq üçün yeni çəkiliş prinsipləri hazırlayıb.

MSNews.az xəbər verir ki, “Raising the Bar: Guidelines for Respectful Media Coverage in Women’s Athletics” adlı sənəd operatorlara, rejissorlara və yayım prodüserlərinə ünvanlanıb. Məqsəd kadrların idmançıların bədənindən daha çox onların texnikasını, gücünü, hərəkətini və yarışdakı nəticəsini göstərməsidir.

Tövsiyələr Böyük Britaniyanın dirəklə tullanma üzrə olimpiya mükafatçısı Holli Bredşou, serbiyalı uzunluğa tullanma çempionu İvana Şpanoviç və xorvatiyalı hündürlüyə tullanma üzrə keçmiş dünya çempionu Blanka Vlaşiçin təcrübələri nəzərə alınmaqla hazırlanıb.

Bələdçidə yayımçılara idmançının müəyyən bədən nahiyəsini uzun müddət göstərən yaxın planlardan, arxadan və ya aşağıdan çəkilən kompromat xarakterli rakurslardan yayınmaq tövsiyə edilir.

Rejissorlara həmçinin yarışın texniki mahiyyətini izah etməyən və hekayəyə əlavə dəyər qazandırmayan ləngidilmiş təkrar kadrlardan həddindən artıq istifadə etməmək məsləhət görülür. Bunun əvəzinə atletin tam hərəkətini, sürətini, sıçrayışını və texnikasını göstərən daha geniş planların seçilməsi təklif olunur.

Ləngidilmiş təkrarların tamamilə ləğvi nəzərdə tutulmur. Sənədə əsasən, start, təkan, addım ritmi, maneənin və ya hündürlük tirinin keçilməsi kimi texniki elementləri izah edən təkrarlar idman yayımının faydalı hissəsi olaraq qalmalıdır.

Tövsiyələrin hazırlanmasına qadın atletlərin müəyyən rakursların onlarda narahatlıq yaratması və diqqətlərini yarışdan yayındırması barədə fikirləri səbəb olub.

Holli Bredşou bəzi idmançıların yarış zamanı öz çıxışlarından çox kameraların harada yerləşdiyi barədə düşünməli olduqlarını bildirib. EBU hesab edir ki, uyğun olmayan kadrlar yalnız canlı yayımda problem yaratmır, sonradan kontekstdən çıxarılaraq sosial şəbəkələrdə təhqiredici formada da yayıla bilər.

“EBU Sport”-un icraçı direktoru Qlen Killane seçilmiş rakursların və montaj qərarlarının qadın atletlərin seksual obyektləşdirilməsində mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, qadın idmanı kişilərin yarışları ilə bərabər əsasda nümayiş etdirilməli, yayım isə texniki bacarıq və peşəkarlığı ön plana çıxarmalıdır.

EBU rəsmi sənədində yeni prinsiplərin “məhdudiyyətlər siyahısı” olmadığını xüsusi vurğulayıb. Bələdçinin məqsədi görüntünün keyfiyyətini və idman hekayəsini zəiflətmədən etik çəkiliş üçün ortaq standart yaratmaqdır.

Tövsiyələr hündürlüyə və uzunluğa tullanma, dirəklə tullanma, eləcə də qaçış növlərindən real yayım nümunələri əsasında hazırlanıb və qadın atletika yarışlarını işıqlandıran bütün teleşirkətlər üçün açıqdır.

Avropa Atletikasının prezidenti Dobromir Karamarinov bildirib ki, yeni çəkiliş prinsipləri qadınların zərərli və alçaldıcı formada təqdim edilməsinin aradan qaldırılması istiqamətində mühüm addımdır. Onun sözlərinə görə, bunu edərkən idman yayımının vizual keyfiyyətini və hekayəçilik imkanlarını qorumaq mümkündür.