ABŞ administrasiyası Fələstinin BMT-dəki nümayəndə heyətinin vizalarını ləğv edə biləcəyi barədə xəbərdarlıq edib.
“Reuters”–in gördüyü daxili Dövlət Departamenti sənədinə görə, Vaşinqton Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsurun BMT Baş Assambleyası sədrinin müavini postuna namizədliyini geri götürməsini tələb edir. Əks halda, Fələstin nümayəndə heyətinə qarşı viza məhdudiyyətlərinin yenidən nəzərdən keçirilə biləcəyi bildirilir.
Məlumata görə, Dövlət Departamentinin mayın 20-də tarixli daxili teleqramında ABŞ-ın Qüdsdəki diplomatlarına Fələstin Administrasiyasına bu mövqeni çatdırmaq tapşırılıb. Sənəddə Mənsurun namizədliyinin “gərginliyi artırdığı” və Prezident Donald Tramp administrasiyasının Qəzza üzrə sülh planına xələl gətirə biləcəyi qeyd olunub. Teleqramda açıq şəkildə bildirilib ki, Fələstin tərəfi namizədliyi geri götürməsə, Vaşinqton Fələstin Administrasiyasını məsul tutacaq.
“The Guardian”–ın məlumatına görə, ABŞ səfirliyinə Fələstin rəhbərliyinə rəsmi diplomatik etiraz təqdim etmək və namizədliyin mayın 22-dək geri çəkilməsini tələb etmək tapşırılıb. Nəşr yazır ki, Vaşinqton Fələstin nümayəndəsinin BMT Baş Assambleyasında yüksək səviyyəli Yaxın Şərq müzakirələrinə sədrlik edə biləcəyindən narahatdır.
Riyad Mənsur daha əvvəl də ABŞ təzyiqindən sonra BMT Baş Assambleyasının sədri postuna namizədliyini geri götürmüşdü. Bu, fevral ayında baş verib. Lakin ABŞ tərəfi hesab edir ki, Mənsur sədr müavini seçilərsə, yenə də Baş Assambleyanın bəzi iclaslarına, o cümlədən sentyabrda keçiriləcək yüksək səviyyəli həftə zamanı mühüm sessiyalara sədrlik edə bilər. BMT Baş Assambleyasının yeni sədri və 16 sədr müavini üzrə seçkilər iyunun 2-də keçiriləcək.
Fələstin BMT-də “Fələstin Dövləti” adı ilə müşahidəçi statusuna malikdir və 193 üzvlü Baş Assambleyada səsvermə hüququ yoxdur. Buna baxmayaraq, diplomatik status ona beynəlxalq platformalarda siyasi təşəbbüslər irəli sürmək imkanı verir.
Dövlət Departamenti konkret viza məsələləri ilə bağlı şərh verməkdən imtina edib. Qurumun sözçüsü bildirib ki, ABŞ BMT-nin qərargahı ilə bağlı ev sahibi ölkə öhdəliklərini ciddi qəbul edir, lakin viza qeydlərinin məxfiliyi səbəbindən fərdi hallar barədə danışmır. Fələstinin BMT-dəki missiyası isə “Reuters”-in sorğusuna dərhal cavab verməyib.