Qazaxıstan Nəqliyyat Nazirliyi bir il əvvəl Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaqın ara hesabatını yayımlayıb.
Nazirliyin rəsmi internet saytında dərc olunan hesabatda xatırladılır ki, 25 dekabr 2024-cü ildə Bakından Qroznıya uçan J2-8243 reysli AZAL təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 3-ü ekipaj üzvü olmaqla 38 nəfər həyatını itirib, 29 nəfər isə yaralanıb.
Hesabatda bildirilir ki, qəza ilə bağlı yaradılan komissiyanın tərkibində Qazaxıstan, Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislər, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müşahidəçisi yer alıb. Komissiya indiyədək toplanmış məlumatları təhlil edib, təyyarənin “qara qutularını” araşdırıb və kokpit səs yazılarını deşifrə edib.
İstintaq çərçivəsində təyyarədə aşkar edilən yad metal cisimlər izotop, ballistik və partlayıcı aspektlərdən geniş şəkildə yoxlanılıb. Araşdırmalar nəticəsində heç bir partlayıcı maddə izinə rast gəlinmədiyi, ekspertiza üçün göndərilən 3 oksigen balonunda da partlayışa dair hər hansı sübut tapılmadığı bildirilib.
Ara hesabatda qeyd olunur ki,
“Təyyarədəki zədələr ehtimal ki, döyüş başlığının dağıdıcı elementlərinin təsiri nəticəsində yaranıb, lakin bu elementlərin mənbəyi müəyyən edilə bilməyib.”
Bundan əlavə, təyyarənin 2 nömrəli hidravlik sisteminə aid boru hissəsində aparılan iz (trasoloji) ekspertizası zamanı boru üzərində zədələr aşkarlanıb. Bu zədələrin poladdan hazırlanmış metal fraqmentlər tərəfindən törədilmiş ola biləcəyi ehtimal edilir.
Hesabatda vurğulanır ki, komissiya hazırda Rusiya aviasiya qurumları və AZAL tərəfindən təqdim edilən sənədlər əsasında münaqişə bölgələri üzərindən və ya onlara yaxın ərazilərdə həyata keçirilən uçuşlarla bağlı risk qiymətləndirməsi aparır. Bu çərçivədə mülki və hərbi sektorlar arasında qarşılıqlı əlaqənin uçuş təhlükəsizliyinə təsiri də araşdırılır.
Komissiyanın yekun hesabatının açıqlanması üçün Mərkəzi Texniki Baxım Kompüterinin (CMC) lent analizinin tamamlanması və Risk Qiymətləndirmə İşçi Qrupunun hesabatının gözlənildiyi bildirilir.
Sonda qeyd olunur ki:
“İstintaq Komissiyası balanslı yanaşma sərgiləyəcək, bütün nəticələr obyektiv olacaq və yalnız faktlara əsaslanacaq.”