Qədim not yazısının tarixi: nevma və Qvido d’Aretso

Qədim yunan not sistemi, nevma notasiyası və Qvido d’Aretzonun müasir not yazısına verdiyi töhfələr haqqında tarixi icmal.

Musiqişünas alimlər qədim yunan not sistemini şərh edərkən IV əsrdə yaşamış yunan musiqişünası Alipiyin tərtib etdiyi cədvəldən istifadə edirlər. Bu cədvəldən aydın olur ki, həmin dövrdə hər bir musiqi kökünün tərkibində olan hər pərdə üçün, eləcə də əsas pərdədən həm zil, həm də bəm tərəfdə yerləşən hər bir səs üçün ayrıca hərfi işarə mövcud idi. Nəticədə yunan musiqi sistemində işlədilən bütün səsləri və ifaçılıq ədalarını dəqiq qeydə almaq üçün təxminən 1620 müxtəlif işarəyə ehtiyac yaranırdı. Təbii ki, bu qədər işarəni yadda saxlamaq və praktiki ifada tətbiq etmək mümkün deyildi.

Bu səbəbdən qədim yunan musiqiçiləri həm instrumental, həm də vokal musiqi üçün cəmi 90 işarədən istifadə etmişdilər. Lakin bu sayda işarəni belə hafizədə saxlamaq asan deyildi. Not yazısının inkişafında xristian kilsə xadimlərinin də mühüm rolu olmuşdur. Bu, bütpərəstliyin xarabalıqları üzərində formalaşan xristianlığın musiqi sənətindən dini məqsədlər üçün geniş və səmərəli istifadə etməsi ilə bağlı idi.

Kilsələrdə böyük xor kollektivləri yaradılır, dini ayinlər iki dəstəyə bölünmüş “antifon” nəğməkarların növbəli ifası ilə müşayiət olunurdu. Görkəmli keşişlər, katolik kilsəsinin başçıları olan papalar və yüksək rütbəli kilsə xadimləri musiqi avazı ilə ifa edilən çoxsaylı himnlər, mədhiyyələr və dualar bəstələyirdilər.

VI əsrin sonlarında katolik kilsəsinin başçısı I Qriqori yenidən tərtib etdiyi bir çox dini xor əsərlərini “nevma” adlanan xüsusi işarələr vasitəsilə qeydə alaraq dünyanın müxtəlif kilsələrinə göndərmişdi. Not yazısının ən qədim formalarından olan nevma notasiyası müxtəlif qrafik işarələrdən – nöqtələrdən, cizgilərdən, vergüllərdən və onların kombinasiyalarından ibarət idi. Qrafik işarələrin hər birinə “not”, onların bütöv sisteminə isə “notasiya” və ya “not yazısı” deyilir.

“Nevma” sözünün mənası “əl ilə işarə” deməkdir. Orta əsrlərdə, musiqinin notsuz öyrənildiyi dövrdə, xor rəhbərləri melodiyanın istiqamətini, ölçüsünü və ifa xüsusiyyətlərini əl və barmaq hərəkətləri ilə ifaçılara çatdırırdılar. Bu üsul heyronomiya adlanırdı. Lakin təxminən X əsrdə Qərbi Avropada çoxsəsli musiqi yarandıqdan sonra nevma notası artıq musiqiçilərin tələbatını ödəmirdi. Çünki bu sistem səslərin dəqiq yüksəkliyini göstərməkdə aciz idi və not yazısında ciddi islahatlara ehtiyac yaranmışdı.

Müasir not sisteminin əsasının qoyulması Florensiya yaxınlığındakı Arezzo şəhərində yaşamış rahib Qvido d’Aretsonun (990–1050) adı ilə bağlıdır. Qvido kilsə xorunda müəllim kimi çalışmış, İtaliyanın bir sıra şəhərlərində olmuş və Roma papası XIX İohann ilə görüşmüşdür. O, musiqi notlarının yaradılması üzərində uzun illər çalışmışdır.

Qvido not sistemini yaratmaq üçün Müqəddəs İohannaya həsr olunmuş latınca ilahidən akrostix üsulu ilə istifadə etmişdir. Bu ilahinin misralarının ilk hecaları sonradan not adlarına çevrilmişdir: ut, re, mi, fa, sol, la. Daha sonra “si” notu da sistemə əlavə edilmişdir.

UT queant laxis

REsonare fibris

MIra gestorum

FAmuli tuorum

SOLve polluti

LAbii reatum

Sancte Ioannes

(Latıncadan tərcüməsi: “Qulların sənin işlərinin möcüzələrini mədh etsin deyə,onların ağızlarından günahları (yalanları) götür, ey müqəddəs İohan.)

Zamanla notların xətlər üzərində yazılması ideyası formalaşdı. Əvvəlcə “fa” səsini göstərən qırmızı xətt, daha sonra sarı və yaşıl xətlər tətbiq edildi. Nəticədə üç, dörd və nəhayət beş xətdən ibarət müasir not sətri yarandı. Bu, musiqinin kağız üzərində daha dəqiq qeydə alınmasına imkan verdi.

Notların müasir mənaları belədir:

Do – Dominus – Tanrı;

Re – rerum – Materiya;

Mi – miraculum – Möcüzə;

Fa – familias рlanetarium – Planet ailəsi, və ya Günəş sistemi

Sol – solis – Günəş;

La – lactea via – Süd yolu;

Si – siderae – Səma.

Lakin səslərin yalnız yüksəkliyini deyil, onların davametmə müddətini də göstərmək zəruri idi. Qvido d’Aretzonun sistemi bu ehtiyacı tam qarşılamadığından, sonradan menzural (latınca “ölçü”) not yazısı yaradıldı. Bu sistem musiqi sədalarının ölçüsünü daha dəqiq göstərməyə imkan verdi. Nevma və menzural notasiya əsasən vokal musiqinin yazılışı üçün istifadə olunurdu.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.