Son dövrlər sosial şəbəkələrdə özünəməxsus-estetik üslubu və emosional yükü ilə seçilən gənc azərbaycanlı rəssamlar arasında Elmira Məmmədzadə xüsusi diqqət çəkir. Onun əsərlərində həm klassik qrafikanın zərifliyi, həm də müasir ifadə dili hiss olunur. Öz əl işləri ilə qısa müddətdə geniş izləyici auditoriyası qazanan Elmira, mədəniyyət və incəsənət mühitində yeni bir nəfəs kimi qəbul edilir.
Qeyd edək ki, çoxlarının düşündüyünün əksinə olaraq, Elmira əslən Zəngilandan deyil – Bakı şəhərində doğulub və böyüyüb. Onun sənət yolunun formalaşmasında həm paytaxt mühitinin təsiri, həm də şəxsi yaradıcılıq duyumu mühüm rol oynayıb.
MS-News.az olaraq biz də bu yüksəlişdə olan gənc istedadla daha yaxından tanış olmaq, yaradıcılığının ilham mənbələri və gələcək planları barədə danışmaq üçün onunla müsahibə apardıq.
QISA ARAYIŞ:
Elmira Məmmədzadə 1995-ci ildə Bakı şəhərində anadan olub. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin “Qrafika” fakültəsini “Kitab illüstrasiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Daha sonra birbaşa Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” fakültəsinin “Plakat” ixtisasına qəbul olunub. Hazırda Elmira Məmmədzadə həmin akademiyada “Qrafika” fakültəsinin “Qrafikanın tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistratura təhsili alır.
Elmira xanım sənətinə olan marağın artmasından danışaraq bildirdi ki, yaradıcılığına göstərilən diqqət son günlərin fenomeni deyil – artıq təxminən il yarımdır ki, onun əsərləri izləyicilərin rəğbətini qazanır. Xüsusilə, Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinin açılışından sonra rəsmləri ölkə miqyasında daha geniş tanınıb və böyük maraqla qarşılanıb.
“Azərbaycan kanalları və jurnalistləri mənim haqqımda reportajlar etdilər. Hətta Türkiyə və Özbəkistan media səhifələrində də işlərimlə bağlı paylaşımlar gördüm. Bu diqqət mənim üçün böyük motivasiya oldu,” – deyə rəssam qeyd edib.
Elmira yaradıcılığında müsbət duyğuların və həyat sevgisinin ön planda olduğunu deyir:
“Rəsm çəkəndə içimdəki sakitliyi və enerjini rənglərlə paylaşmağı sevirəm.”
Sənət yoluna 3-4 yaşında başladığını bildirən rəssam, ilk ilham mənbəyinin isə nə qədər qəribə səslənsə də, şir və iquana olduğunu söyləyir.
Əsərlərindəki rəng seçimi isə əsasən spontan və duyğu əsaslıdır: “Ürəyim hansı rəngi istəyirsə, fırçam da ona doğru gedir.”
Elmira Məmmədzadəni ən çox təbiət və həyatda gizlənən sadə gözəlliklər ilhamlandırır. Sosial şəbəkələr onun üçün təkcə paylaşım platforması deyil, həm də sənətlə auditoriya arasında körpü rolunu oynayır:
“Orada həm izləyicilərlə əlaqə qururam, həm də yeni ideyalar alıram.”
Rəssam gələcəkdə fərdi sərgi keçirmək, beynəlxalq layihələrdə iştirak etmək və ixtisası üzrə doktorantura təhsili almaq niyyətindədir. O, yaradıcılığını daha geniş auditoriyaya təqdim etməyi hədəflədiyini bildirir:
“Əsərlərimin daha çox insana çatmasını istəyirəm.”
“Sizi bir cümlə ilə tanımlamaq mümkün olsaydı, o cümlə necə olardı?” sualını isə Elmira xanım özünəməxsus şəkildə cavablandırıb:
“Hər rəsmdə bir az Vətən, bir az mən varam. Mən fırçamla danışan, rənglərdə özünü tapan bir ruham.”
🖼️ Elmira Məmmədzadəni izləmək üçün:
Instagram: @mira.ressam