Londonda keçirilən aksiyada “intifada” şüarlarına görə saxlanılanlar var

London polisi Fələstin tərəfdarı etiraz aksiyasında “intifada” çağırışları səsləndirən iki nəfəri saxlayıb. Saxlanmalar nifrət nitqinə qarşı nəzarətin sərtləşdirilməsi fonunda baş verib.

117

Böyük Britaniyanın paytaxtı Londonda polis Fələstin tərəfdarı etiraz aksiyası zamanı “intifada” çağırışları səsləndirən iki nəfəri saxlayıb. Saxlanılmalar hüquq-mühafizə orqanlarının nifrət nitqinə qarşı tədbirləri sərtləşdirdiyini elan etməsindən bir neçə saat sonra baş verib.

London və Mançester polis idarələri daha əvvəl “intifadanı qloballaşdırın” kimi şüarların səsləndirildiyi aksiyalara qarşı daha sərt mövqe tutacaqlarını açıqlamışdılar. Polis bu qərarı Avstraliyanın Sidney şəhərində, “Bondi Beach” ərazisində baş verən və 15 nəfərin ölümü ilə nəticələnən hücum, eləcə də oktyabrın 2-də Mançesterdə sinaqoqa edilən hücumdan sonra verib.

London Metropoliten Polis Xidmətinin məlumatına görə, Ədliyyə Nazirliyinin qarşısında keçirilən aksiyada saxlanılan şəxslər “irqçi motivli ictimai asayiş pozuntusu” maddəsi ilə tutulublar. Aksiyada polis müdaxiləsinə mane olmağa çalışan üçüncü şəxs də saxlanılıb.

London Metropoliten Polis Komissarı Mark Rouli və Böyük Mançester Polis İdarəsinin rəhbəri Stiven Uotson birgə bəyanatlarında bildiriblər ki, bu cür şüarlar cəmiyyətdə ciddi narahatlıq doğurur və gələcək aksiyalarda onların istifadəsi hüquqi tədbirlərlə nəticələnə bilər.

“Zorakı hadisələr baş verib, kontekst dəyişib. Sözlərin mənası və nəticəsi var,” — deyə bəyanatda qeyd olunub.

Etirazçılar “intifada” ifadəsinin Qəzzada müharibəyə qarşı qlobal etirazları simvolizə etdiyini desələr də, yəhudi icmaları və təşkilatları bu çağırışların zorakılığı təşviq etdiyini bildirirlər.

“İntifada” termini fələstinlilərin İsrail siyasətinə qarşı 1987-ci ildə başlayan birinci və 2000-ci ildə başlayan ikinci üsyanlarını ifadə etmək üçün istifadə olunur. Son Qəzza münaqişəsi dövründə bu şüar dünyanın müxtəlif ölkələrində keçirilən Fələstin tərəfdarı aksiyalarda geniş yayılıb.

Müzakirələr Böyük Britaniyada 2023-cü il 7 oktyabr hadisələrindən və İsrailin Qəzzada apardığı hərbi əməliyyatlardan sonra nifrət cinayətlərinin və onlayn təhqirlərin artması fonunda gedir. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hərbi əməliyyatları nəticəsində indiyədək 70 mindən çox fələstinli həlak olub.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026