Niderlandda məscidlərə və digər İslam müəssisələrinə qarşı hücum, təhdid və vandalizm hallarının qeydiyyatı üçün ümummilli onlayn portal yaradılıb. Yeni sistemin məqsədi bu cür hadisələr barədə məlumatların vahid mərkəzdə toplanması və rəsmi qurumlara edilən müraciətlərin sayının artırılmasıdır.
MSNews.az xəbər verir ki, təşəbbüs Niderlanddakı müsəlman təşkilatları ilə dövlət qurumları arasında əlaqələndirməni həyata keçirən “Contactorgaan Moslims en Overheid” (CMO) təşkilatına məxsusdur. MeldVIn adlı portal sentyabrın 20-dən məscidlərə və digər İslam müəssisələrinə qarşı baş verən hadisələrlə bağlı onlayn müraciətlərin qəbuluna başlayıb.
Niderlandın “NOS” nəşrinin məlumatına görə, 2025-ci ildə polisə müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı 414 müraciət daxil olub. Onlardan 20-si məscidlərlə bağlı hadisələrə aid olub. Polis bu cür halların hamısının hüquq-mühafizə orqanlarına bildirilmədiyini etiraf edir.
CMO-nun sədri Möhsün Köktaş müraciətlərin azlığını həm də şikayətlərin nəticəsinə dair məlumat çatışmazlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, bəzi dini icmalar müraciətlərindən sonra hansı tədbirlərin görüldüyünü öyrənə bilmirlər. Yeni mərkəz zərər çəkmiş müəssisələrlə əlaqə saxlayaraq müraciətlərin sənədləşdirilməsinə, izlənməsinə və aidiyyəti qurumlara yönləndirilməsinə kömək edəcək.
CMO bildirir ki, vahid qeydiyyat sistemi məscidlərə qarşı hadisələrin miqyası və xarakteri barədə daha dolğun məlumat toplamağa imkan verəcək. Portal polisə rəsmi şikayət vermək imkanını əvəz etmir. Niderland polisi hadisələrlə üzləşən şəxsləri hüquq-mühafizə orqanlarına da müraciət etməyə çağırıb.