Hollivud kino sənayesinin tanınmış simalarından biri, “Şahzadə Gəlin” və “Harri Salli ilə tanış olanda” kimi kult filmlərin rejissoru Rob Reyner faciəvi şəkildə həyatını itirib. Uzun illərdir evli olduğu həyat yoldaşı ilə birlikdə Reynerin Los-Ancelesin Brentvud bölgəsində yerləşən evində çoxsaylı bıçaqlanmış halda ölü tapıldığı bildirilir.
Hadisə Hollivudda böyük şok yaradıb. Məlumata görə, polis əməkdaşları bazar günü günortadan sonra 78 yaşlı Rob Reyneri və 68 yaşlı həyat yoldaşını evlərində cansız vəziyyətdə aşkarlayıb. İlkin araşdırmalar cütlüyün zorakılıq nəticəsində həyatını itirdiyini göstərir.
Los-Anceles Polis İdarəsinin rəhbəri Alan Hamilton evin qarşısında keçirdiyi mətbuat brifinqində bildirib ki, hadisə ilə bağlı genişmiqyaslı istintaq tədbirləri aparılır və axtarış icazəsi prosedurları davam edir. Onun sözlərinə görə, “911” təcili çağırışından bir neçə saat sonra belə əməliyyat-axtarış tədbirləri dayandırılmayıb.
Polisin əsas şübhəlisi cütlüyün 32 yaşlı oğlu, ssenarist Nik Reynerdir. Hüquq-mühafizə orqanları Nik Reynerin psixoloji problemləri olduğunu və keçmişdə narkotik asılılığı ilə mübarizə apardığını açıqlayıb. Bildirilir ki, o, əvvəlki illərdə bir müddət evsiz də qalıb.
Nik Reyner 2016-cı ildə “People” jurnalına verdiyi müsahibədə ABŞ-ın müxtəlif ştatlarında küçələrdə yaşadığını və həyatının ən çətin dövrlərindən birini keçirdiyini etiraf etmişdi. Hazırda onun harada olduğu məlum deyil və polis axtarışları davam etdirir.
Polis rəhbərliyi Nik Reynerin hadisə ilə birbaşa əlaqəsinin hələlik rəsmi şəkildə təsdiqlənmədiyini vurğulasa da, istintaqda əsas diqqət onun üzərində cəmlənib.
Faciə ilə bağlı Los-Anceles meri Karen Bass və Kaliforniya ştatının qubernatoru Qavin Nyusom Rob Reynerin ailəsinə və kino ictimaiyyətinə başsağlığı verən açıqlamalar yayımlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.