ABŞ maliyyə naziri Skott Bessent G20 maliyyə nazirlərinin Şimali Karolinanın Eşvill şəhərində keçirilən toplantısı çərçivəsində Rusiyanın maliyyə naziri Anton Siluanovla görüşərək Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı planını müzakirə edib. Vaşinqton eyni zamanda Moskvaya müharibə davam etdiyi müddətdə iqtisadi güzəştlərin mümkün olmayacağı mesajını verib.
MSNews.az xəbər verir ki, NBC News müxbiri Julie Tsirkin avqustun 31-də görüş davam edərkən mənbələrinə istinadla Bessentin Trampın Ukrayna üzrə sülh planını yenidən vurğuladığını və tərəflərin iqtisadi artım məsələlərini də müzakirə etdiklərini bildirib. ABŞ Maliyyə Nazirliyinin sözçüsü daha sonra eyni məlumatı “Axios”-a təsdiqləyib.
Lakin görüş başa çatdıqdan sonra yayılan məlumatlar onun iqtisadi hissəsinin daha sərt məzmun daşıdığını göstərib. “Reuters”-in görüşün detallarından məlumatlı mənbəyə istinadla yaydığı xəbərə görə, Siluanov Rusiya və ABŞ arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələsini qaldıranda Bessent onun sözünü kəsərək “müharibə bitənə qədər heç nə mümkün deyil” mesajını verib.
Agentliyin məlumatına görə, Bessent Siluanova açıq şəkildə bildirib ki, Ukraynaya qarşı müharibə davam etdiyi müddətdə Rusiyaya iqtisadi təzyiqin yumşaldılması və digər sahələrdə yeni razılaşmalar gözlənilməməlidir. ABŞ rəsmisi də görüşün əsas mövzusunun Trampın Ukrayna üzrə sülh təşəbbüsü olduğunu təsdiqləyib.
Rusiya Maliyyə Nazirliyi görüşü fərqli vurğularla təqdim edib. Moskvanın rəsmi açıqlamasına görə, Bessent və Siluanov Rusiya-ABŞ maliyyə əməkdaşlığı və G20 çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Nazirlik ABŞ tərəfinin iqtisadi güzəştləri müharibənin başa çatması ilə əlaqələndirməsi barədə detal açıqlamayıb.
Siluanovun Eşvill toplantısında şəxsən iştirakı da diqqət çəkib. Bu, onun Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra G20 maliyyə nazirlərinin toplantısında ilk əyani iştirakı olub. “Reuters” yazır ki, ABŞ-ın Rusiyanın maliyyə nazirini toplantıya dəvət etməsi bir sıra Avropa ölkələrinin etirazına səbəb olub.
Almaniyanın maliyyə naziri Lars Klinqbayl Rusiyanın beynəlxalq iqtisadi forumlarda “normallaşdırılması” təəssüratından narahat olduğunu bildirib. Avropalı nazirlər və mərkəzi bank rəhbərləri Siluanovun iştirak edəcəyi ənənəvi G20 “ailə fotosu”nda çəkilməkdən imtina ediblər və nəticədə foto Rusiya nümayəndəsi olmadan çəkilib.
Beləliklə, ilkin xəbərlərdə görüşün “sülh planı və iqtisadi artım” ətrafında keçdiyi bildirilsə də, sonrakı məlumatlar göstərir ki, Vaşinqton Rusiya ilə geniş iqtisadi əməkdaşlığın Ukraynadakı müharibə başa çatmadan mümkün olmayacağını görüşdə açıq şəkildə Moskvanın diqqətinə çatdırıb.