Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 24-də başa çatıb.
MSNews.az xəbər verir ki, Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar. Bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat verilib.
Prezident İlham Əliyev Özbəkistana avqustun 23-də dövlət səfərinə gəlmişdi. Səfər çərçivəsində Daşkənddə İlham Əliyev və Şavkat Mirziyoyevin təkbətək görüşü, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası, sənədlərin imzalanması və bir sıra birgə layihələrin açılış və təməlqoyma mərasimləri keçirilib.
Səfərin əsas siyasi nəticələrindən biri dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması olub. Sənəddə münasibətlərin əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirilməsi təsbit edilib. Bu barədə “APA” məlumat yayıb.
Daşkənddə prezidentlərin qarşılıqlı təltifolunma mərasimi də keçirilib. Şavkat Mirziyoyev İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini, İlham Əliyev isə Özbəkistan Prezidentinə “Heydər Əliyev” ordenini təqdim edib.
Səfərin ikinci günü Buxarada davam edib. Azərbaycan və Özbəkistan prezidentləri birinci xanımlarla birlikdə İsmayıl Samani türbəsi, “Ark” qalası, Poi-Kalon və Ləbi-Hovuz kompleksləri daxil olmaqla şəhərin tarixi abidələri ilə tanış olublar.