SOCAR Özbəkistanda nümayəndəlik açacaq

SOCAR Özbəkistanda nümayəndəlik açacaq. Qərar Şavkat Mirziyoyevin SOCAR prezidenti Rövşən Nəcəf və bp rəhbərliyi ilə görüşü zamanı qəbul edilib. Tərəflər Üstyurt layihəsi, neft-qaz əməkdaşlığı və uzunmüddətli tədarük məsələlərini müzakirə ediblər.

Azərbaycan Dövlət Neft Şirkəti — SOCAR Özbəkistanda nümayəndəlik açacaq. Bu barədə qərar Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mayın 13-də SOCAR-ın prezidenti Rövşən Nəcəf, həmçinin bp şirkətinin rəhbər şəxsləri Ariel Flores və Ciovanni Kristofoli ilə görüşü zamanı qəbul edilib. Görüş iştirakçıları “Özbəkistan Enerji Həftəsi – 2026” forumunda iştirak etmək üçün Daşkəndə səfər ediblər. 

Özbəkistan prezidentinin rəsmi məlumatına görə, tərəflər enerji və neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə SOCAR-ın Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənilməsi layihəsində Özbəkistanın tərəfdaşı olduğu vurğulanıb və şirkətin ölkədə nümayəndəliyinin açılması barədə razılıq əldə olunub.

Müzakirələr zamanı Britaniyanın bp şirkətinin bu irimiqyaslı layihəyə qoşulması da yüksək qiymətləndirilib. Tərəflər neft-qaz sektorunda birgə layihələrin irəlilədilməsi, karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və dərin emalı istiqamətlərində əməkdaşlığın vacibliyini qeyd ediblər.

AZƏRTAC-ın məlumatına görə, Rövşən Nəcəf səfər çərçivəsində bp-nin baş vitse-prezidenti Ariel Flores və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə birlikdə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” ASC-nin İdarə Heyətinin sədri Abduqani Sanginovla üçtərəfli görüşlər keçirib. Bu görüşlərdə “Üstyurt” investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat fəaliyyətləri, eləcə də əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Üçtərəfli görüşlərdən sonra bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb. SOCAR prezidenti həmçinin OGU-2026 sərgisi ilə tanış olub, şirkətin pavilyonu isə beynəlxalq sərgidə “Ən yaxşı milli stend dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb.

Görüşdə neft və neft məhsullarının uzunmüddətli tədarükünün təşkili, həmçinin neft-qaz sahəsində ixtisaslı kadrların hazırlanması məsələlərinin də əhəmiyyəti vurğulanıb. Bu addım Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının daha institusional və uzunmüddətli mərhələyə keçməsi baxımından mühüm qərar kimi qiymətləndirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.