2024-cü ildə Parisdə keçirilən Paralimpiya Oyunlarının gümüş mükafatçısı, britaniyalı basketbolçu Li Frayer 11 zorlama epizodu da daxil olmaqla ümumilikdə 17 cinayət ittihamı ilə üzləşib. İttihamlar eyni qadına qarşı törədildiyi iddia olunan əməllərlə əlaqədardır. İdmançı isə özünü təqsirli bilmədiyini bəyan edib.
MSNews.az xəbər verir ki, Böyük Britaniyanın “ITV News” telekanalının noyabrın 23-də yaydığı məlumata görə, 26 yaşlı Li Frayer noyabrın 19-da Lids Kral Məhkəməsi qarşısına çıxarılıb.
Prokurorluğun məlumatına əsasən, basketbolçuya 11 zorlama epizodu ilə yanaşı, qəsdən boğma, qanunsuz izləmə, məcburedici və nəzarətedici davranış, fiziki xəsarət yetirmə, “A” kateqoriyalı narkotik vasitə saxlama və ədalət mühakiməsinə mane olmağa cəhd kimi ittihamlar irəli sürülüb.
İttihamların bir hissəsinin Böyük Britaniya, İspaniya və Cənubi Afrika Respublikasında baş verdiyi iddia olunur. İstintaq materiallarına əsasən, hadisələr bir neçə ili əhatə edir.
Frayer məhkəmədə zorlama və digər ittihamlar üzrə özünü təqsirli bilmədiyini bildirib. Qanunsuz müşahidə ilə bağlı ittiham üzrə isə hələ mövqe bildirməyib.
Məhkəmənin qərarı ilə idmançı həbsdə saxlanılıb. İş üzrə əsas məhkəmə prosesinin 22 mart 2027-ci ildə başlaması nəzərdə tutulur.
Böyük Britaniya Əlil Arabasında Basketbol Federasiyası açıqlamasında ittihamların ciddiliyini qəbul etdiyini və idmançının saxlanıldığı vaxtdan milli komandanın bütün fəaliyyətlərindən uzaqlaşdırıldığını bildirib.
Federasiya istintaq və məhkəmə prosesi davam etdiyi üçün əlavə şərh verməyin məqsədəuyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, Li Frayer 2024-cü ildə Paris Paralimpiadasında Böyük Britaniya millisinin heyətində gümüş medal qazanıb. Həmin yarış onun ilk Paralimpiya təcrübəsi olub.