Zelenski və Macarıstanın Baş naziri görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Peter Madyarla Zakarpatye vilayətində görüşüb. Tərəflər ikitərəfli münasibətlərin yaxşılaşdırılması və Ukraynadakı macar icmasının vəziyyətini müzakirə ediblər.

14

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 24-də Macarıstanın Baş naziri Peter Madyarla Ukraynanın Zakarpatye vilayətində görüşüb. Bu, 2015-ci ildən bəri Macarıstan hökuməti başçısının həmin bölgəyə ilk səfəridir. Görüş iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm diplomatik addım kimi qiymətləndirilir.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, görüş Zakarpatye vilayətinin inzibati mərkəzi Ujqorod şəhərində baş tutub. Macarıstanın Baş naziri danışıqları tarixi əhəmiyyətli hadisə adlandırıb.

Peter Madyarı səfərdə Macarıstanın xarici işlər naziri Anita Orban müşayiət edib. Macarıstan nümayəndə heyətinin proqramına bölgədə yaşayan etnik macar icmasının rəhbərləri ilə görüşlər və bir sıra macar təhsil və mədəniyyət müəssisələrinə səfərlər də daxil edilib.

Madyar səfərdən əvvəl sosial şəbəkə hesabında Ukrayna Prezidenti və yerli macar icmasının nümayəndələri ilə danışıqlar aparacağını açıqlamışdı.

Görüşün əsas məqsədlərindən biri Kiyev və Budapeşt arasında son illərdə yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasıdır.

Macarıstanın əvvəlki Baş naziri Viktor Orbanın hakimiyyəti dövründə iki ölkə arasında Ukraynanın Avropa İttifaqına inteqrasiyası, Rusiyaya qarşı sanksiyalar və Zakarpatyedə yaşayan macar azlığının hüquqları ilə bağlı ciddi fikir ayrılıqları mövcud idi.

“Associated Press” agentliyinin məlumatına görə, Ukraynanın oktyabr ayında qəbul etdiyi və milli azlıqların dil hüquqlarını genişləndirən qanun münasibətlərin yaxşılaşmasına şərait yaradıb.

Peter Madyarın səfəri Budapeştin Ukrayna ilə münasibətlərində yeni siyasi yanaşmanın göstəricisi kimi diqqət çəkir. Macarıstanın yeni hökuməti Kiyevlə dialoqun gücləndirilməsinə maraq göstərir.

Qeyd edək ki, Macarıstanın əvvəlki Baş naziri Viktor Orban 2024-cü ildə Kiyevə səfər etmişdi. Buna görə də 2015-ci ildən bəri ilk səfər ifadəsi ümumilikdə Ukraynaya deyil, Zakarpatye bölgəsinə səfərə aiddir.

Görüş həmçinin Ukrayna və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının dekabrın 3-də qeyd olunacaq 35-ci ildönümü ərəfəsində baş tutub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti