Monqolustanda 2000 illik nəhəng Hun məzarı aşkarlandı

Monqolustanda təxminən 2000 il əvvələ aid, 73 metr uzunluğunda nəhəng Hun məzarı araşdırılıb. Qazıntılar zamanı Roma mənşəli olduğu ehtimal edilən şüşə qab və 413 qiymətli əşya tapılıb.

21

Monqolustanda arxeoloqlar təxminən 2000 il əvvələ aid, uzunluğu Misirdəki Böyük Sfinkslə müqayisə edilən nəhəng Hun məzarının qazıntılarını tamamlayıblar. Yeraltı piramidanı xatırladan məzardan 413 tarixi əşya, o cümlədən Roma imperiyasında hazırlandığı ehtimal edilən şüşə qab aşkarlanıb.

MSNews.az xəbər verir ki, “Live Science” nəşrinin məlumatına görə, kəşf Monqolustanın Duurlig Nars bölgəsində dörd il davam edən arxeoloji qazıntılar nəticəsində edilib. Tədqiqatlar Koreya Milli Muzeyi, Monqolustan Elmlər Akademiyası və Monqolustan Milli Muzeyinin birgə iştirakı ilə aparılıb.

73 metr uzunluğa və 14,5 metr dərinliyə malik məzar indiyədək Monqolustanda aşkarlanmış ən böyük Xiongnu (Hun) məzarı hesab edilir. Tikili bir-birinin içərisində yerləşən doqquz daş təbəqədən ibarətdir və formasına görə tərsinə çevrilmiş piramidanı xatırladır.

Arxeoloqlar məzarın mərkəzində taxta dəfn kamerası, 15 oyma nefrit lövhə, gümüş at bəzəkləri, döyüş arabasına aid hissələr və şəffaf şüşə qab aşkar ediblər. Şüşə qabın Roma imperiyası ərazisində istehsal olunduğu ehtimal edilir, lakin onun mənşəyi hələ dəqiqləşdirilməyib.

“Maeil Business Newspaper” nəşrinin məlumatına əsasən, tapıntılar qədim Hunların Çin, Koreya yarımadası və Roma dünyası ilə geniş ticarət-mədəni əlaqələrə malik olduğunu göstərən mühüm dəlillərdir.

Mütəxəssislər məzarın eramızın I əsrinin sonu və ya II əsrdə inşa edildiyini düşünürlər. Burada dəfn olunan şəxsin kimliyi isə hələ müəyyənləşdirilməyib. Alimlər qalıqlardan götürülən DNT nümunələrinin təhlili ilə onun mənşəyini və digər dəfn olunan şəxslərlə qohumluq əlaqələrini araşdırmağı planlaşdırırlar.

Kəşfin Hun imperiyasının ictimai quruluşu, dəfn ənənələri və qədim Avrasiya sivilizasiyaları ilə əlaqələri barədə yeni məlumatlar verəcəyi gözlənilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30