Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Şəhər Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılan stadion 8554 tamaşaçı tutumuna malikdir.
MSNews.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib.
1956-cı ildə istifadəyə verilmiş stadionun əsaslı yenidənqurulmasına Xankəndinin 2023-cü ildə Azərbaycanın nəzarətinə keçməsindən sonra başlanılıb. Yenilənmiş arenanın ərazisi 3,39 hektara çatdırılıb.
Stadiondakı 8554 tamaşaçı yerindən 8214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.
Ölçüləri 105×68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında 100 metrdən 10 min metrədək qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün xüsusi zonalar yaradılıb.
Stadionda futbolçular, hakimlər, məşqçilər və media nümayəndələri üçün otaqlar, həmçinin konfrans zalı və tibb məntəqəsi fəaliyyət göstərəcək.
Yenidənqurma nəticəsində arena müasir futbol və atletika yarışlarının keçirilməsi üçün zəruri infrastrukturla təchiz edilib.






