İtaliya futbolunda zəlzələ – ŞOK İSTEFALAR VAR

İtaliya futbolunda böyük dəyişikliklər başlayıb. Qabriyele Qravina istefa verib, Canluici Buffon ayrılıb, UEFA isə Avro-2032 ilə bağlı İtaliyaya sərt xəbərdarlıq edib. 

41

İtaliya futbolunda ardıcıl uğursuzluqlardan sonra ciddi kadr dəyişiklikləri başlayıb. “Reuters“-in məlumatına görə, İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina milli komandanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra istefa verib. O, federasiyaya 2018-ci ildən rəhbərlik edirdi. 

Həmçinin bildirilir ki, İtaliya millisində nümayəndə heyətinin rəhbəri vəzifəsini daşıyan Canluici Buffon da postunu tərk edib. Buffon bu qərarı komandanın uğursuzluğuna görə məsuliyyət hissi ilə əlaqələndirib. Beləliklə, İtaliya futbolunda rəhbər səviyyədə iki mühüm ayrılıq eyni anda baş verib.

Bu fonda UEFA prezidenti Aleksandr Çeferin də İtaliyaya sərt mesaj göndərib. O, ölkədə stadion infrastrukturu yenilənməsə, İtaliyanın Avro-2032-yə ev sahibliyi hüququnu itirə biləcəyini bildirib. Turnirə İtaliya və Türkiyə birlikdə ev sahibliyi etməlidir, lakin UEFA oktyabra qədər uyğun beş stadionun siyahısını tələb edir.

Çeferin bildirib ki, İtaliya Avropanın ən zəif futbol infrastrukturuna malik ölkələrindən biridir və son illərdə stadionların yenilənməsi çox ləng gedib. O, bu məsələdə Qravinanı deyil, daha çox siyasi qərarvericiləri və stadionlarla bağlı illərlə uzanan institusional problemləri tənqid edib.

Beləliklə, Bosniyaya penaltilərlə məğlub olub DÇ-2026-dan kənarda qalan İtaliya indi həm idman, həm idarəetmə, həm də infrastruktur böhranı ilə üz-üzədir. Qravinanın istefası və Buffonun ayrılığı federasiyada yeni mərhələnin başlandığını göstərir, Çeferinin xəbərdarlığı isə böhranın təkcə milli komanda ilə məhdudlaşmadığını ortaya qoyur.