Qəzza zolağında müharibə zamanı könüllü cərrah kimi fəaliyyət göstərmiş misir əsilli amerikalı Adam Həmavi ABŞ Nümayəndələr Palatasına seçilib. Demokratlar Partiyasının namizədi Nyu-Cersi ştatının 12-ci seçki dairəsində böyük üstünlüklə qalib gəlib.
MSNews.az xəbər verir ki, noyabrın 3-də keçirilən seçkilərdə 56 yaşlı Həmavi respublikaçı rəqibi Qreq Meleni məğlub edib. Noyabrın 4-nə olan ilkin nəticələrə əsasən, Həmavi səslərin təxminən 70 faizini toplayıb.
Həmavi 2024 və 2025-ci illərdə Qəzzaya humanitar missiyalar çərçivəsində səfər edərək İsrailin hərbi əməliyyatları nəticəsində yaralanmış fələstinlilərə tibbi yardım göstərib. O, ABŞ-nin İsrailə hərbi dəstəyini də açıq şəkildə tənqid edib.
“Anadolu Agentliyi” bildirir ki, Həmavi Nyu-Cersi ştatından ABŞ Konqresinə seçilən ilk müsəlman siyasətçi olub.
İraq müharibəsinin veteranı olan cərrah 2004-cü ildə helikopteri vurulduqdan sonra ağır yaralanan, hazırda ABŞ senatoru olan Temmi Dakvortun həyatını xilas edən həkimlərdən biri kimi də tanınır.
Həmavi 2027-ci il yanvarın 3-də Konqresdə fəaliyyətə başlayacaq. O, təqaüdə çıxan demokrat deputat Bonni Uotson Koulmanı əvəz edəcək.