Şimali Koreya vətəndaşlarının BMT sanksiyalarından yayınmaq məqsədilə tələbə adı altında Rusiyaya göndərildiyi və müxtəlif sənaye müəssisələrində ağır şəraitdə işlədildiyi iddia olunur. Beynəlxalq hüquq təşkilatının araşdırmasına görə, fəhlələrin bir hissəsi Ukraynaya qarşı müharibədə istifadə olunan məhsulları istehsal edən müəssisələrə cəlb edilir, qazandıqları pulların böyük hissəsi isə Şimali Koreya hakimiyyətinə çatır.
MSNews.az xəbər verir ki, bu barədə Haaqada yerləşən “Global Rights Compliance” (GRC) təşkilatının oktyabrın 29-da dərc etdiyi araşdırmada bildirilib. Təhqiqatın nəticələrini “Reuters”, “Financial Times” və digər beynəlxalq media qurumları yayıb.
Araşdırmaya əsasən, Rusiyada fəaliyyət göstərən vasitəçilər şimali koreyalı vətəndaşları formal olaraq təhsil müəssisələrinə qəbul etdirir və onların tələbə vizası ilə ölkəyə daxil olmasını təmin edirlər.
Lakin təhqiqatçıların iddiasına görə, həmin şəxslər dərslərdə iştirak etmək əvəzinə fabrik və zavodlara göndərilirlər. Bu mexanizmin təşkilatçılarından biri kimi moskvalı iş adamı Vladimir Sokolovun adı çəkilir. GRC-nin məlumatına görə, vasitəçilər hər bir işçinin müəssisədə yerləşdirilməsi müqabilində 100–150 min rubl komissiya alırlar. Araşdırmada şimali koreyalıların kənd təsərrüfatı, tikinti, sənaye və digər sahələrdə çalışdırıldığı bildirilir.
Təşkilatın əldə etdiyi məlumatlara görə, işçilər gündə 12 saat, həftədə altı və ya yeddi gün işləyirlər. Bəzi iş təkliflərində onlara ay ərzində cəmi iki gün istirahət nəzərdə tutulur.
Fəhlələrin iş yerlərini öz istəkləri ilə tərk etməsinin qarşısının alındığı, onlara və Şimali Koreyada yaşayan ailələrinə qarşı cəza hədələrinin səsləndirildiyi iddia edilir. Araşdırmaçıların qiymətləndirməsinə görə, işçilərin qazancının 90 faizədək hissəsi Şimali Koreya dövlətinin nəzarətinə keçir. Təşkilat hesab edir ki, bu gəlirlər Pxenyanın hərbi və raket proqramlarının maliyyələşdirilməsinə kömək edir.
GRC-nin araşdırmasında şimali koreyalı işçilərin Rusiyanın hərbi təchizat zənciri ilə əlaqəli müəssisələrdə də çalışdığı bildirilir.
Təhqiqatçılar Moskva yaxınlığında Rusiya hərbçiləri üçün quru ərzaq payları istehsal edən müəssisədə şimali koreyalı işçilərə dair görüntülər əldə ediblər.
Bundan başqa, müdafiə sənayesi ilə əlaqəli müqavilələri olan metal emalı müəssisələri də araşdırmada yer alıb.
Bununla belə, həmin müəssisələrdə çalışan bütün şimali koreyalıların birbaşa hərbi məhsul istehsal etdiyi təsdiqlənməyib. Araşdırma müəyyən istehsalat obyektlərinin Rusiya ordusunun təchizat zənciri ilə əlaqəsini ortaya qoyur.
“Global Rights Compliance” təxminən doqquz ay davam edən təhqiqat zamanı müxtəlif araşdırma metodlarından istifadə edib. Təşkilatın əməkdaşları açıq mənbələri araşdırıb, üz tanıma texnologiyası vasitəsilə Şimali Koreya rəsmilərini müəyyənləşdirib, həmçinin özlərini potensial işəgötürən kimi təqdim edərək vasitəçilərlə əlaqə saxlayıblar.
Bu danışıqlarda işçilərin tələbə vizaları ilə gətirilməsi və Rusiya müəssisələrinə yönləndirilməsi mexanizmi barədə məlumatlar əldə edilib.
GRC-nin aparıcı araşdırmaçısı Dilan Karter bildirib ki, bu sistem Şimali Koreyadan gətirilən işçi qüvvəsinin Rusiyada təşkilatlanmış kommersiya fəaliyyətinə çevrildiyini göstərir.
BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi sanksiyalar Şimali Koreya vətəndaşlarının xaricdə işlə təmin olunmasına ciddi məhdudiyyətlər qoyur. GRC hesab edir ki, tələbə vizalarından istifadə həmin məhdudiyyətlərdən yayınmaq məqsədi daşıyır. “Reuters”in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi və Şimali Koreyanın Moskvadakı səfirliyi araşdırma ilə bağlı sorğulara cavab verməyib. Şəbəkə ilə əlaqələndirilən rusiyalı şəxslərdən biri isə iddiaları rədd edərək söhbətin məcburi əməkdən deyil, tələbələrin istehsalat təcrübəsindən getdiyini bildirib.
Araşdırmanın nəticələri Rusiya ilə Şimali Koreya arasında iqtisadi və hərbi əməkdaşlığın insan hüquqları və beynəlxalq sanksiyalar baxımından yeni suallar yaratdığını göstərir. Lakin təşkilatın irəli sürdüyü bütün iddialar müstəqil məhkəmə araşdırması ilə təsdiqlənməyib.