Kiprin cənubundakı tərk edilmiş Trozena kəndi İsraillə əlaqəli investorların ərazidə böyük mülkiyyət alması barədə iddialardan sonra gündəmə gəlib. Kipr mediasının məlumatına görə, İsrailli bir iş adamı kənddəki mövcud tikililərin təxminən 70 faizini özəl sahiblərdən alıb və ərazidə turizm, aqroturizm və bərpa layihələri həyata keçirməyi planlaşdırır. Politis yazır ki, investor həmçinin əhəmiyyətli miqdarda kənd təsərrüfatı torpağı da əldə edib.
Məlumatlara görə, layihə çərçivəsində köhnə evlərin bərpası, şərabçılıq obyekti, heyvan ferması və kampinq zonalarının yaradılması nəzərdə tutulur. “Cyprus Mail”-in məlumatında isə layihə ilə əlaqəli açıq materiallarda qonaqpərvərlik və aqroturizm istiqamətlərinin, o cümlədən şərabçılığın inkişaf etdirilməsinin göstərildiyi qeyd olunur.

Məsələ sosial şəbəkələrdə yayılan iddialardan sonra mübahisəyə çevrilib. Paylaşımlarda Trozenanın “tamamilə İsrail şirkəti tərəfindən alındığı”, bəzi şəxslərin kəndə buraxılmadığı və onlara ərazinin “özəl İsrail torpağı” olduğu deyildiyi iddia olunub. Arsos–Gerovasa/Trozena icma şurası isə bu məlumatları təkzib edərək kəndə girişin açıq olduğunu və ziyarətçilərə qarşı heç bir rəsmi qadağa tətbiq edilmədiyini bildirib.
Arsos icmasının rəhbəri Yiannakis Yiannaki də iddiaları “saxta xəbər” adlandırıb. Onun sözlərinə görə, İsraillə əlaqəli şirkət kəndin hamısını və ya bütün torpaqları deyil, əsasən mövcud tikililərin təxminən 70–80 faizini alıb. Yiannaki bildirib ki, ərazidə mühafizəçilərin insanların girişinə mane olması barədə məlumatlar təsdiqlənmir; mümkün insidentlər isə tikinti sahələrinə girişlə bağlı anlaşılmazlıqdan qaynaqlana bilər.
İcma rəhbərliyi həmçinin kənddəki Ayios Georgios kilsəsinin təhlükə altında olması ilə bağlı iddiaları da rədd edib. Bildirilib ki, kilsə Pafos Mitropoliyasına məxsusdur, sökülməsi planlaşdırılmır və əksinə, onun ətrafında təmir və infrastruktur işləri görülüb. “Politis”-in məlumatına görə, kilsədə yaxın vaxtlarda dini ayin də keçirilib və ərazi ziyarət üçün açıq qalır. 
Trozena uzun illərdir tərk edilmiş kənd kimi tanınır. Kipr mediasının yazdığına görə, yaşayış məntəqəsi elektrik, su və yol infrastrukturu problemləri səbəbindən 1980-ci illərdən etibarən boşalıb. Yerli rəhbərlik hazırkı investisiyanın bölgənin canlanmasına, turizm imkanlarının artmasına və yerli ailələr üçün iş yerlərinin yaranmasına kömək edə biləcəyini bildirir.