İlham Əliyev və ailəsi Fərhad Xəlilovun yubiley sərgisində olublar

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Leyla və Arzu Əliyevalar Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar. Sərgidə rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.

38

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

MSNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi görkəmli sənətkarın çoxillik yaradıcılıq fəaliyyətini əhatə edir.

Ekspozisiyada rəssamın şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər təqdim olunur.

Nümayiş etdirilən sənət nümunələri arasında monumental rəngkarlıq tabloları, müxtəlif janrlarda çəkilmiş əsərlər və kiçikformatlı qrafik işlər yer alır.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov milli təsviri sənətin görkəmli nümayəndələrindən biridir.

Rəssam realizmdən avanqard və abstrakt sənətə qədər müxtəlif bədii istiqamətlərdə çalışaraq özünəməxsus yaradıcılıq üslubu formalaşdırıb.

Onun əsərlərində Abşeron mövzusu xüsusi əhəmiyyət daşıyır.

Sənətkarın tablolarında Abşeronun sahil mənzərələri, kəndləri, təbiəti və dəyişkən hava şəraiti rənglərin, işığın və kompozisiyanın fərqli həlləri vasitəsilə təsvir edilir.

Rəssam üçün Abşeron yalnız coğrafi məkan deyil, həm də şəxsi duyğularını, xatirələrini və dünyaya baxışını ifadə edən bədii mövzudur.

Retrospektiv sərgi rəssamın müxtəlif dövrlərdə yaratdığı əsərləri bir araya gətirməklə onun yaradıcılıq yolunu izləməyə imkan verir.

Rəngkarlıqla yanaşı, qrafika nümunələri də sənətkarın forma, kompozisiya və bədii ifadə sahəsindəki axtarışlarını nümayiş etdirir.

Sərgidə Abşeron mövzusunun zaman keçdikcə rəssamın yaradıcılığında necə inkişaf etməsi və fərqli bədii məna qazanması əks olunur.

Xatırladaq ki, Fərhad Xəlilovun 80 yaşı oktyabrın 26-da tamam olub. Həmin gün birinci vitse-prezident Mehriban Əliyeva sənətkarı yubileyi münasibətilə təbrik edib.

Sərginin açılış mərasimi də oktyabrın 26-da keçirilib. Tədbirdə mədəniyyət xadimləri iştirak edərək Fərhad Xəlilovun Azərbaycan incəsənətinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.