Prezident İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoymasında iştirak edib

Prezident İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edən liderlərlə birlikdə Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak edib. Daha sonra “GovTech” rəqəmsal həllərin təqdimatı keçirilib.

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak edib. Tədbir Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT sammiti çərçivəsində baş tutub. 

Dövlət başçılarına Mərkəz barədə məlumat verilib. Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək Mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etdirməkdir.

Mərasimdən sonra “GovTech” rəqəmsal həllərin təqdimatı keçirilib. Qazaxıstanda süni intellektin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib. Təqdimatda türk dövlətləri arasında süni intellekt, rəqəmsal idarəçilik və texnoloji əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Qeyd edək ki, TDT-nin qeyri-rəsmi Zirvə görüşü mayın 15-də Türküstanda keçirilir. Sammit “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub və türk dövlətləri arasında rəqəmsal transformasiya, innovasiya və ortaq texnoloji gündəliyin gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.