Avstriyada universitetlər ayağa qalxdı: 50 min nəfər etiraz etdi

Avstriyanın paytaxtı Vyanada on minlərlə tələbə və universitet əməkdaşı ali təhsilin maliyyələşdirilməsinə etiraz edib. Hökumətin 16 milyard avroluq büdcə planına qarşı çıxan universitetlər ən azı 18 milyard avro tələb edirlər.

17

Avstriyanın paytaxtı Vyanada on minlərlə tələbə, müəllim və universitet əməkdaşı ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin artırılması tələbi ilə kütləvi etiraz aksiyası keçirib. Aksiya təşkilatçılarının məlumatına görə, nümayişdə 50 minə yaxın insan iştirak edib. Etirazlara hökumətin 2028–2030-cu illər üçün universitetlərə 16 milyard avro ayırmaq qərarı səbəb olub. Universitet rəhbərləri isə artan xərclərin qarşılanması üçün ən azı 18 milyard avro tələb edirlər.

MSNews.az xəbər verir ki, oktyabrın 22-də keçirilən nümayiş Avstriya Tələbələr Birliyinin (ÖH) təşəbbüsü ilə təşkil olunub. Bu barədə Avstriyanın “ORF” və “Anadolu Agentliyi” məlumat yayıb.

Aksiya yerli vaxtla saat 15:00-da Vyana Texniki Universitetinin əsas binası qarşısında başlayıb. Nümayişçilər şəhər küçələri ilə yürüş edərək Vyana Universitetinin qarşısında toplaşıblar.

“Qırmızı həyəcan – Universitetləri xilas edək!” şüarı altında keçirilən aksiyaya paytaxtla yanaşı, Avstriyanın digər bölgələrində fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri də qatılıblar.

İştirakçıların sayı ilə bağlı fərqli məlumatlar açıqlanıb. Təşkilatçılar 50 min nəfərin iştirak etdiyini bildirsələr də, bəzi universitetlərin məlumatlarında bu rəqəm təxminən 30 min göstərilib.

Avstriya hökuməti ölkənin 23 dövlət universitetinin 2028–2030-cu illər üzrə maliyyələşdirilməsi üçün təxminən 16 milyard avro ayrılacağını açıqlayıb.

Lakin universitet rektorlarını birləşdirən Universitetlər Konfransı (uniko) hesab edir ki, inflyasiya və artan əməliyyat xərcləri nəzərə alındıqda ali təhsil sisteminin mövcud səviyyədə saxlanılması üçün ən azı 18 milyard avro tələb olunur.

Bu isə hökumətin təklif etdiyi məbləğlə universitetlərin ehtiyacları arasında 2 milyard avroluq fərq deməkdir.

Vyana Tibb Universitetinin qiymətləndirməsinə görə, təklif olunan maliyyələşdirmə inflyasiya nəzərə alındıqda universitetlərin real büdcəsinin təxminən 10 faiz azalması ilə nəticələnə bilər.

Universitet rəhbərləri maliyyə çatışmazlığının tədris, elmi tədqiqat və məşğulluq imkanlarına ciddi təsir göstərəcəyini bildirirlər. Rektorlar maliyyələşdirmə artırılmayacağı təqdirdə hər on iş yerindən birinin ixtisar oluna biləcəyi barədə xəbərdarlıq ediblər. Tələbə təşkilatları isə dərs proqramlarının azaldılmasından, tələbələrə göstərilən dəstəyin zəifləməsindən və müəllimlərin iş şəraitinin pisləşməsindən narahatdırlar.

Tibb universitetləri xüsusilə vurğulayırlar ki, maliyyə məhdudiyyətləri yalnız təhsil və tədqiqata deyil, universitet xəstəxanalarında tibbi xidmətin keyfiyyətinə və həkim hazırlığına da təsir göstərə bilər.

Avstriya Tələbələr Birliyi hökuməti büdcə planını yenidən nəzərdən keçirməyə çağırıb. Təşkilatın bəyanatında qeyd olunub ki, dövlətin ali təhsil sahəsinə kifayət qədər vəsait ayırmaması ölkənin gələcək elmi və iqtisadi inkişafı üçün risk yaradır.

Tələbələr və universitet rəhbərləri oktyabrın 31-dək maliyyələşdirmə planına düzəliş edilməsini tələb edirlər.

Aksiya təşkilatçıları təhsilə ayrılan vəsaitin artırılmasını yalnız universitetlərin deyil, bütövlükdə Avstriya cəmiyyətinin gələcəyinə sərmayə kimi qiymətləndirirlər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031