Polşanın Baş naziri Donald Tusk yanvarın 1-də bildirib ki, 2026-cı il Baltik dənizinin “sürətli fəthi” ili olacaq. Bu barədə o, yeni il münasibətilə etdiyi müraciətdə qeyd edib. Müraciət baş nazirin “X” sosial şəbəkə hesabında yayımlanıb.
“Bu, Baltik dənizinin — bizim, Polşaya məxsus Baltik dənizinin fəal şəkildə fəth edilməsi ili olacaq”, – deyə Donald Tusk vurğulayıb.
Polşa hökumətinin başçısı çıxışında həmçinin iri infrastruktur layihələrinin icrasının sürətləndiriləcəyini və Avropanın “ən güclü ordusunun” yaradılması istiqamətində addımların atılacağını vəd edib.
Bu bəyanat Baltik regionunda təhlükəsizlik mühitinin gərginləşdiyi bir dövrdə səsləndirilib. Xatırladaq ki, Finlandiya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti noyabrın 24-də Baltik dənizində “Freezing Winds 25” adlı genişmiqyaslı beynəlxalq hərbi təlimlərin başladığını açıqlamışdı. Təlimlərdə 11 NATO ölkəsinin — Finlandiya, Belçika, Danimarka, Estoniya, Almaniya, Fransa, Latviya, Litva, Niderland, Polşa və ABŞ-ın hərbi kontingentləri iştirak edib.
Ekspertlərin fikrincə, Baltik dənizi NATO ilə Rusiya arasında mümkün yeni geosiyasi qarşıdurma zonalarından biri kimi ön plana çıxır və Polşa rəhbərliyinin açıqlamaları da bu kontekstdə diqqətlə izlənilir.