Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə rəsmi səfəri zamanı Suriya paytaxtında onun qaldığı otelin yaxınlığında partlayışlar baş verib.
MSNews.az xəbər verir ki, partlayışlar Makronun Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşmək üçün Prezident sarayına getdiyi vaxt qeydə alınıb. “Reuters” təhlükəsizlik mənbəsinə istinadən yazır ki, bombalar Fransa liderinin qaldığı otelin yaxınlığında partlayıb, lakin Yelisey sarayı Makronun partlayışları eşitmədiyini və proqramın davam etdiyini bildirib.

“The National”ın məlumatına görə, iki partlayış Dəməşqin mərkəzində, “Four Seasons Hotel” yaxınlığında baş verib. Suriya dövlət mediası hadisə nəticəsində 18 nəfərin yaralandığını, onların arasında dörd polis əməkdaşının da olduğunu bildirib. Şahidlərdən biri partlayışlardan birinin Viktoriya estakadası, digərinin isə Turizm Nazirliyi yaxınlığında baş verdiyini deyib.
“Associated Press“-in məlumatına əsasən, Suriya dövlət mediası partlayışların iki partlayıcı qurğu ilə törədildiyini bildirib. Sosial şəbəkələrdə yayılan kadrlarda yanan avtomobil və küçədə qan izləri görünüb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.
Fransa Prezidentinin təhlükəsizliyinə zərər dəyməyib. “Reuters” yazır ki, Makron partlayışlardan sonra Əhməd əş-Şaraa ilə Prezident sarayında görüşüb. Hadisədən sonra ərazidə yollar bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Makronun səfəri Bəşər Əsəd rejiminin devrilməsindən sonra Avropa İttifaqına üzv ölkə liderinin Suriyaya ilk səfəri kimi qiymətləndirilir. Səfər çərçivəsində siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya imkanları və Suriyanın müharibədən sonrakı bərpası məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Partlayışlar Suriyada yeni hakimiyyətin təhlükəsizlik sahəsində ciddi çağırışlarla üzləşdiyini bir daha göstərib. Hadisə bir neçə gün əvvəl Dəməşqdə Ədliyyə Sarayı yaxınlığındakı kafedə törədilən və azı 10 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra baş verib.