Ukrayna reaktiv “Şahid” tipli dronları məhv etmək üçün “Nika” adlı yeni kiçik raket hazırlayır. Layihənin yaxın vaxtlarda sınaq mərhələsinə keçirilməsi planlaşdırılır.
MSNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı məlumat verib.
Zelenskinin sözlərinə görə, “Nika” xüsusilə yüksək sürətlə hərəkət edən reaktiv “Şahid”lərə qarşı nəzərdə tutulub.
“Bizdə reaktiv ‘Şahid’lərə qarşı yeni kiçik ‘Nika’ raketi ortaya çıxır. Həm almanlar, həm də biz buna müsbət yanaşırıq. Sınaqlar keçiriləcək. Hələlik bunun hansı nəticələri verə biləcəyinə baxırıq”, – Zelenski bildirib.
Ukrayna lideri eyni zamanda Almaniya ilə birgə hazırlanan SPYS adlı yüksək sürətli tutucu vasitənin ilk sınağının uğurlu nəticə verdiyini açıqlayıb. O, layihədə iştirak edən Almaniyanın Quantum Systems şirkətinə təşəkkür edib.
“Deutsche Welle” yazır ki, həm “Nika”, həm də SPYS Rusiyanın son dövrdə daha intensiv istifadə etdiyi reaktiv mühərrikli “Şahid” dronlarına qarşı Ukraynanın hava hücumundan müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.
Zelenski daha əvvəl Ukraynanın reaktiv dronların təxminən 57 faizini, adi pilotsuz uçuş aparatlarının isə 85-90 faizini məhv edə bildiyini açıqlamışdı. Kiyev eyni zamanda reaktiv dronlara qarşı beş müxtəlif tutucu modelini sınaqdan keçirir.
“Associated Press” reaktiv “Şahid”lərin adi versiyalardan daha yüksək sürətlə uçduğunu və mövcud Ukrayna müdafiə sistemlərinin onları vurmaqda çətinlik çəkdiyini bildirir. Bu səbəbdən Ukrayna yüksək sürətli tutucuların hazırlanmasını sürətləndirir.
“Nika” raketinin texniki xüsusiyyətləri, maksimal sürəti və mənzili hələlik açıqlanmayıb. Layihənin döyüş tətbiqinə keçib-keçməyəcəyi isə qarşıdakı sınaqların nəticələrindən asılı olacaq.