Kamerunun 93 yaşlı Prezidenti Pol Biyanın vəfat etdiyi barədə sosial şəbəkələrdə yayılan məlumatlar ölkədə geniş müzakirələrə səbəb olub. Lakin prezident administrasiyası dövlət başçısının ölümü ilə bağlı iddiaları təkzib edərək onun fəaliyyətini davam etdirdiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, oktyabrın 15-də “X” sosial şəbəkəsində yayılan paylaşımda 1982-ci ildən Kameruna rəhbərlik edən Pol Biyanın həyatını itirdiyi iddia olunub.
Paylaşımda ölkə rəhbərliyinin prezidentin mümkün varisini müəyyənləşdirmək üçün müzakirələr apardığı da irəli sürülüb. Lakin bu məlumatları təsdiqləyən etibarlı sübut təqdim edilməyib.
Fransanın “Jeune Afrique” nəşrinin sorğusunu cavablandıran Kamerun Prezident Administrasiyasının Mülki Kabinetinin rəhbəri Samuel Mvondo Ayolo xəbərləri qətiyyətlə təkzib edib.
“Sizcə, dövlət başçısının ölümünü gizlətmək mümkündürmü?” – deyə Ayolo bildirib.
O, Biyanın səhhətinin yaxşı olduğunu və prezidentin dövlət işlərini davam etdirdiyini vurğulayıb. Ayolo buna sübut kimi oktyabrın 15-də dövlət başçısı tərəfindən imzalanmış fərmana istinad edib.
Pol Biyanın səhhəti ilə bağlı şübhələr onun uzun müddət ictimaiyyət qarşısına çıxmaması fonunda güclənib.
“Al Jazeera” telekanalının oktyabrın 17-də dərc etdiyi məlumata görə, Kamerun Prezidenti təxminən on həftə xaricdə qaldıqdan sonra avqustun 20-də ölkəsinə qayıdıb. Onun uzunmüddətli səfəri hakimiyyət daxilində mümkün dəyişikliklər barədə müzakirələri artırıb.
Biya iyunun 7-də İsveçrəyə yollanmışdı. Həmin dövrdə Cenevrədə müalicə alması barədə məlumatlar yayılsa da, Kamerun hökuməti onun xəstəxanaya yerləşdirildiyi iddiasını rədd etmişdi. Rəsmilər prezidentin yalnız şəxsi səfərdə olduğunu bildirmişdilər.
Ölkədə siyasi fəallığın artmasının səbəblərindən biri də uzun müddətdir gözlənilən hökumət dəyişiklikləri və vitse-prezident vəzifəsi ilə bağlı qərarlardır.
Qeyd edək ki, Pol Biya 2025-ci il prezident seçkilərində yenidən qalib gəlib. O, 1982-ci ildən hakimiyyətdədir və dünyanın ən uzun müddət vəzifədə olan dövlət başçılarından biridir.
Hazırda Pol Biyanın vəfat etdiyini təsdiqləyən etibarlı məlumat yoxdur. Prezident administrasiyası yayılan xəbərləri dezinformasiya adlandırır.