İsrail qüvvələri Suriyanın Quneytra vilayətində yenidən irəliləyib

İsrail hərbçilərinin iki tank və üç hərbi texnika ilə Suriyanın cənubundakı Quneytra vilayətinə daxil olduğu bildirilir. Hadisə Dəməşqlə İsrail arasında gərginliyin yenidən artdığı vaxta təsadüf edir.

26

İsrail hərbçilərinin Suriyanın cənubundakı Quneytra vilayətinə növbəti dəfə daxil olduğu bildirilir.

MSNews.az xəbər verir ki, Suriya İnsan Haqları Observatoriyası avqustun 20-də iki tank və üç hərbi texnikadan ibarət İsrail patrulunun Qolan təpələri istiqamətindən Suriya ərazisinə keçərək Quneytranın cənubundakı Təl əd-Daraiyyat bölgəsinə doğru hərəkət etdiyini bildirib. Eyni gün İsrail qüvvələrinin vilayətin mərkəzi hissəsində yerləşən Təl əl-Kurum ərazisinə də daxil olduğu qeyd olunub. İsrail ordusu bu konkret əməliyyatla bağlı açıqlama verməyib.

Bundan bir gün sonra da Quneytrada yeni hərbi hərəkətlilik qeydə alınıb. “Anadolu Agentliyi” Suriya dövlət televiziyasına istinadən İsrail qüvvələrinin avqustun 21-də Quneytranın cənubundakı Əl-Rafid qəsəbəsinin qərbinə doğru irəlilədiyini yazıb.

İsrail qüvvələrinin Quneytra və Dəra vilayətlərində bu cür əməliyyatları son aylarda mütəmadi xarakter alıb. Avropa İttifaqının Sığınacaq Agentliyinin iyul hesabatında da İsrail qüvvələrinin 2024-cü ilin dekabrından sonra BMT-nin nəzarət etdiyi ayrılma zonasına və onun şərqindəki bəzi ərazilərə irəlilədiyi, Quneytrada hərbi mövqelər və müvəqqəti nəzarət-buraxılış məntəqələri yaratdığı qeyd olunur.

Son irəliləyişlər Dəməşqlə İsrail arasında münasibətlərin yenidən gərginləşdiyi dövrə təsadüf edir. Avqustun 18-də İsrail Suriyanın İdlib vilayətindəki Əbu əd-Duhur hərbi aerodromuna zərbələr endirib. Suriya bunu suverenliyinin pozulması adlandırıb, İsrail isə hücumu Türkiyənin həmin bazada mümkün hərbi mövcudluğu ilə bağlı təhlükəsizlik narahatlıqları ilə əsaslandırıb. “Reuters” yazır ki, hadisə ABŞ vasitəçiliyi ilə aparılan İsrail-Suriya təhlükəsizlik danışıqlarında əldə olunan irəliləyişə də mənfi təsir göstərib.

Suriya xarici işlər naziri Əsəd əş-Şeybani isə “Axios”-a bildirib ki, Dəməşq İsrailin Suriyaya münasibətdə niyyətlərinə etibar etmir və İsrailin hərbi addımlarının regionda sabitliyə xidmət etmədiyini düşünür. Bununla belə, Suriya tərəfi İsraillə təhlükəsizlik razılaşması üzrə danışıqları davam etdirməkdə maraqlı olduğunu bildirir.

İsrail 1967-ci ildən Qolan təpələrinin böyük hissəsinə nəzarət edir və 1981-ci ildə ərazini birtərəfli qaydada ilhaq edib. ABŞ 2019-cu ildə İsrailin Qolan üzərində suverenliyini tanısa da, BMT və beynəlxalq ictimaiyyətin böyük hissəsi ərazini işğal olunmuş Suriya torpağı hesab edir.