İranın xarici işlər naziri Araqçi ABŞ nümayəndəsi Uitkoff ilə görüşüb?

"Axios"-un məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlayaraq gərginliyin azaldılması imkanlarını müzakirə edib.

21

Amerikanın “Axios” xəbər platformasının iki ABŞ mənbəsinə istinadən yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamalarından sonra ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlayıb.

Mənbələrin bildirdiyinə görə, Araqçi Uitkoff ilə apardığı təmasda ABŞ ilə İran arasında mövcud gərginliyin azaldılmasına yönəlik mümkün prosesləri müzakirə edib. Həmin təmas zamanı tərəflər yaxın günlərdə üzbəüz görüş keçirmək ehtimalını da nəzərdən keçiriblər. “Axios” qeyd edir ki, Vitkoff–Araqçi təması Vaşinqtonla Tehran arasında birbaşa kommunikasiya kanallarının hələ də açıq olduğunu göstərir.

Məsələ ilə bağlı Ağ Ev və ABŞ Dövlət Departamenti hələlik rəsmi açıqlama verməyib. ABŞ Prezidenti Donald Tramp isə İranda davam edən etirazlara toxunaraq, Tehran rəhbərliyinin nümayişçilərə atəş açacağı təqdirdə ABŞ-ın da prosesə “atəşlə cavab verə biləcəyi” barədə sərt xəbərdarlıq etmişdi.

Xatırladaq ki, İranda etiraz aksiyaları 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində ticarətçilərin aksiyası ilə başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

Hadisələr zamanı ölən və yaralananlarla bağlı rəsmi qurumlar açıqlama verməsə də, İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi – HRANA 11 yanvar tarixində yayımladığı hesabatda etirazların 15-ci gününə qədər 37-si təhlükəsizlik əməkdaşı, biri prokuror və 8-i 18 yaşdan aşağı uşaq olmaqla ümumilikdə 544 nəfərin həlak olduğunu, 10 min 681 nəfərin isə saxlanıldığını bildirib.